Bəzi populyar it cinsləri tərbiyə və gündəlik həyatda ciddi çətinliklər yarada bilər. Siyahıya mürəkkəb xarakterə malik beş cins daxil edilib.
Lent.az bu 5 it cinsini təqdim edir:
Təxminən 30 illik iş təcrübəsinə malik kinoloq sahibləri üçün ciddi sınağa çevrilə bilən beş it cinsinin adını açıqlayıb. Söhbət “pis” və ya aqressiv heyvanlardan deyil, tərbiyə, təlim və gündəlik qulluq baxımından daha çox zəhmət tələb edən cinslərdən gedir. İt davranışı üzrə mütəxəssis Keysi Reyin sözlərinə görə, ev heyvanı ilə real həyat sosial şəbəkələrdəki ideal görüntülərdən çox zaman fərqli olur. Bəzi cinslər çətin tərbiyə olunur, daimi fiziki və zehni aktivlik tələb edir və ya sağlamlıq problemlərinə meyilli olur. Gələcək sahiblər isə bunu hər zaman nəzərə almırlar. Rey vurğulayıb ki, çətinlik itlərin təbii aqressiyasında deyil, təcrübə və aydın tərbiyə sistemi olmadıqda bəzi cinslərin ailənin gündəlik həyatını ciddi şəkildə çətinləşdirməsindədir. Bu xüsusilə təlimə vahid yanaşma olmayan evlər üçün keçərlidir.
Ekspert siyahıya taksaları da daxil edib. O, özü uzun illər taksa və çixuaxua qarışığı ilə yaşadığını və bu iti çox sevdiyini desə də, cinsin asan olmadığını qeyd edir. Taksalar tez-tez tərs olur, həddindən artıq hürməyə meyillidir, güclü ov instinktinə malikdir və xırda heyvanların arxasınca qaça bilirlər. Rey həmçinin sosiallaşma olmadıqda onurğa problemləri və aqressiv davranış riskinə diqqət çəkib. Onun sözlərinə görə, ret-teryerlər son dərəcə ağıllı və enerjili olsalar da, eyni zamanda hiperaktiv və həssasdırlar. Onlar daim təqib və ya dominantlıq edəcəkləri bir obyekt axtarırlar ki, bu da davranışlarına nəzarəti çətinləşdirir.