Tarakanlar nə qədər iyrənc görünsə də, onları əzmək vəziyyəti daha da pisləşdirə bilər. Divarda və ya yerdə hərəkət edən həşəratı görən kimi insanın instinktiv reaksiyası tez-tez ayaqqabıya və ya əl altında olan bir əşyaya uzanıb onu öldürməyə səbəb olur. Lakin bu yanaşma həm az effektlidir, həm də təhlükəli sayılır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tarakan əzildikdə onun bədəni parçalanır, daxili mayelər ətrafa sıçrayır və bununla birlikdə həşəratın kanalizasiya, zibil və üzvi tullantılardan daşıdığı bakteriyalar və mikroorqanizmlər yayılır.
Məlumdur ki, tarakanlar bağırsaq çöpü (E. coli), salmonella, müxtəlif viruslar və parazitlər daşıya bilər. Əzmə zamanı bu orqanizmlər döşəməyə, mətbəx səthlərinə və ya ayaqqabıya keçərək astma və allergiyanı ağırlaşdıra, həmçinin bağırsaq infeksiyalarına səbəb ola bilər.
Bundan əlavə, zədələnmiş və ya əzilmiş tarakan kimyəvi siqnallar ifraz edir ki, bu da digər tarakanları həmin məkana cəlb edə bilər. Onların mayeləri və qoxusu qida mənbəyi və ya təhlükəsiz sığınacaq olduğuna dair siqnal kimi qəbul olunur. Nəticədə eviniz zərərvericilər üçün daha cəlbedici hala gələ bilər.
Mütəxəssislər qeyd edirlər ki, tarakanlar yüz milyonlarla ildir mövcuddur və isti, rütubətli şəraitdə yaşamağa mükəmməl uyğunlaşıblar. Onlar demək olar ki, hər cür qida ilə qidalana bilir, ən xırda çatlarda gizlənir, bəzi növlər isə itirdiyi ətraflarını belə bərpa edə bilir. Buna görə də tarakanı tez öldürmək populyasiyanın azalmasına zəmanət vermir, əksinə müəyyən zonada aktivliyi artıra bilər.
Daha effektiv sayılan mübarizə üsulları isə tədrici tədbirlərdir:
Gel yemlər – tarakanların zəhəri yuvalarına daşımasına imkan verir.
Yapışqan tələlər – həşəratların hərəkətini məhdudlaşdırır və digərlərinə siqnal ötürülməsini azaldır.
Çatların bağlanması, qidanın düzgün saxlanması və rütubətə nəzarət – zərərvericilər üçün əlverişli mühiti aradan qaldırır.
Tarakanı dərhal öldürmək istəyi anlaşılan olsa da, sakit və mərhələli nəzarət üsulları daha təhlükəsiz və daha effektiv nəticə verir. Zamanla bu tədbirlər tarakanların sayını azaldır və ya onların məkanı tam tərk etməsinə səbəb olur.