NBA-nın tanınmış basketbolçularından Draymond Qrin 2026-cı il draftının ən perspektivli oyunçularından hesab olunan Kemeron Buzer haqqında diqqətçəkən fikirlər səsləndirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrin bildirib ki, Kemeron Buzerin oyun üslubu ona əfsanəvi basketbolçu Tim Dankanı xatırladır. Onun sözlərinə görə, bu bənzətmə atletik xüsusiyyətlərdən deyil, basketbol zəkası, düzgün qərar verməsi və komandaya verdiyi töhfə ilə bağlıdır.
Draymond Qrin qeyd edib ki, Buzer meydanda parlaq və şou xarakterli oyun nümayiş etdirməsə də, qalib gəlmək üçün lazım olan bütün keyfiyyətlərə malikdir. O, gənc basketbolçunun oyunu düzgün oxumaq və komanda yoldaşlarını daha yaxşı vəziyyətə salmaq bacarığını xüsusi vurğulayıb.
Qrinin fikrincə, Kemeron Buzerin əsas üstünlüyü statistik göstəricilərdən daha çox komandanın uğuruna təsir etməsindədir. O hesab edir ki, bu xüsusiyyət Tim Dankanı NBA tarixinin ən böyük oyunçularından birinə çevirən əsas amillərdən biri olub.
Kemeron Buzer 2026-cı il NBA Draftında ilk sıralardan seçilməsi gözlənilən basketbolçular arasında yer alır. O, Duke Universitetində keçirdiyi uğurlu mövsümdən sonra bir çox mütəxəssis tərəfindən gələcəyin NBA ulduzlarından biri kimi qiymətləndirilir.