Dünya çempionatının "qurbanları"  - Baş məşqçilərin istefa dalğası
07 iyul 2026 20:15 (UTC +04:00)

Dünya çempionatının "qurbanları" - Baş məşqçilərin istefa dalğası

0

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya çempionatı davam edir. Mundialda artıq 1/4 final mərhələsinin üç cütlüyü müəyyənləşib.

İyulun 19-da yekun vurulacaq çempionat təkcə gözlənilməz nəticələrlə deyil, həm də məşqçi istefaları ilə yadda qalıb. Turnirdə uğursuz çıxış edən bir sıra milli komandaların baş məşqçiləri məğlubiyyətin məsuliyyətini üzərlərinə götürərək vəzifələrindən ayrılıb.

Lent.az məğlubiyyətdən sonra postunu tərk edən məşqçilərin siyahısını təqdim edir. 

Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo

57 yaşlı mütəxəssis Dünya çempionatında uğursuz çıxışa görə məsuliyyəti üzərinə götürərək vəzifəsindən ayrıldığını açıqlayıb. Cənubi Koreya A qrupunda Cənubi Afrika Respublikası və Meksikaya (0:1) uduzub, Çexiyanı (2:1) məğlub edib. Komanda 3 xal toplasa da, pley-offa yüksələ bilməyib. Xatırladaq ki, Hon Myon Bo 2014-cü ildən sonra ikinci dəfə Dünya çempionatında Cənubi Koreya millisini qrup mərhələsindən çıxara bilməyib.

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark

62 yaşlı mütəxəssis Dünya çempionatında pley-offa adlaya bilmədiklərinə görə belə addım atıb. O, vida açıqlamasında hər kəsə təşəkkür edib və millidəki 7 il boyunca gözəl günlər keçirdiyini vurğulayıb.

Xatırladaq ki, Stiv Klarkın rəhbərliyi altında Şotlandiya millisi uzun fasilədən sonra yenidən Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. 

Çexiya millisinin baş məşqçi Miroslav Koubek

Çexiya Futbol Assosiasiyasının yaydığı məlumata görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Buna səbəb Çexiya millisinin Dünya çempionatını uğursuz çıxışla başa vurmasıdır.

Çexiya qrup mərhələsində Cənubi Koreya (1:2) və Meksikaya (0:3) uduzub, Cənubi Afrika Respublikası ilə heç-heçə (1:1) edib . Bununla da 1 xalla turnirlə vidalaşıb. Koubek 2025-ci ilin dekabrından yığmanı çalışdırırdı. Onun rəhbərliyi altında Çexiya millisi pley-offda İrlandiya və Danimarkanı məğlub edərək son 20 ildə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. 

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal

Federasiya prezidenti milli komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra istefa verib. Səudiyyə Ərəbistanı yığması Uruqvay (1:1) və Kabo-Verde (0:0) komandaları ilə heç-heçə edib, İspaniyaya məğlub olaraq (0:4) qrupda sonuncu yerdə qərarlaşıb.

2019-cu ildən federasiyaya rəhbərlik edən Əl-Mişal, istefası ilə bağlı X hesabında  məlumat verib və hər kəsdən üzr istəyib:

"Komandamızın dünya çempionatının növbəti mərhələsinə adlaya bilməməsi hədəflərimizə uyğun olmayan nəticədir. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm və hər kəsdən üzr istəyirəm".

Hollandiya millisinin baş məşqçisi Ronald Kuman

59 yaşlı mütəxəssis Dünya çempionatını 1/16 final mərhələsində Mərakeşə məğlub olduqdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb. Qeyd edək ki, Hollandiya millisi F qrupunda İsveçi (5:1), Tunisi (3:1) məğlub edib, Yaponiya ilə (2:2) heç-heçə oynayıb. Ronald Kuman 2023-cü ildən Hollandiya millisinə rəhbərlik edirdi. 

Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa

69 yaşlı mütəxəssis Dünya çempionatında Uruqvayın qrup mərhələsini adlaya bilməməsi səbəbilə bu qərara gəlib. Bielsa Uruqvay millisinə 2023-cü ildən rəhbərlik edirdi. 

Ekvador millisinin baş məşqçisi Sebastian Bekkasese

Təcrübəli mütəxəssis komandanın Dünya çempionatının 1/16 finalında Meksikaya (0:2)  məğlub olaraq mübarizəni dayandırmasından sonra isetfa verib. Agentinalı çalışdırıcı Ekvador millisinə 2024-cü ilin avqustundan rəhbərlik edirdi.

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann

2023-cü ildən Almaniya millisini çalışdıran Naqelsmannın istefasını ölkənin futbol assosiasiyası (DFB) açıqlayıb. Buna səbəb yığmanın Dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olmasıdır. Almaniya Futbol Assosiyasının prezidenti Bernd Neuendorf Naqelsmanna göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Tunis millisinin baş məşqçisi Erve Renar 

Dünya çempionatının ilk turundan sonra Tunis millisinə baş məşqçi təyin olunan Erve Renar ayrılıq qərarını sosial şəbəkə hesablarında açıqlayıb. Fransalı mütəxəssisin rəhbərliyi altında komanda Yaponiyaya (0:4) və Niderlanda (1:3) məğlub olub və qrup mərhələsini adlaya bilməyib.

Bu, Tunis millisinin Dünya çempionatında ikinci baş məşqçi ayrılığıdır. Bundan öncə yığmanın baş məşqçisi Sabri Lamuşi mundialın ilk turunda İsveçə (1:5) məğlub olduqları oyundan sonra ayrılıq qərarına gəlib. 

Qana milli komandasının baş məşqçisi Karluş Keyruş 

Bu ilin aprelində yığmaya təyin olunan portuqaliyalı mütəxəssis ayrılıq qərarını özü açıqlayıb. O, turnirin 1/16 final mərhələsində Kolumbiyaya (0:1) məğlub olaraq mübarizəni dayandırdıqları matçdan sonra istefa verdiyini bildirib. 

İordaniya millisində baş məşqçi Camal Sellami 

Mərakeşli mütəxəssis Dünya çempionatında qrup mərhələsindəki məğkubiyyətlərdən sonra istefa verib. Argentina, Əlcəzair və Avstriya ilə eyni qrupda olan İordaniya millisi qrup sonuncusu kimi turnirlə vidalaşıb. 

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 

Təcrübəli mütəxəssis mundialın 1/8 finalında İspaniya ilə (0:1) oyunun onun buradakı sonuncu oyunu olduğunu bildirib.  

Qeyd edək ki, turnirdə çempion iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı MetLife stadionunda müəyyənləşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar