Fransa millisinin kapitanı Kilian Mbappe Paraqvayda keçirilən qeyri-adi mərasimlə gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, San Xuan bayramı çərçivəsində təşkil olunan ənənəvi tədbirdə futbolçunun müqəvvası simvolik olaraq yandırılıb.
Bu mərasim ölkədə "Judas Kai" ("Yandırılmış İuda") adlanan qədim ənənənin bir hissəsidir. Tarixən San Xuan bayramı zamanı insanlar İsa Məsihi satdığına inanılan İuda İskariotun müqəvvasını hazırlayaraq yandırırdılar. Bu mərasim xəyanətə görə cəza və pisliklərdən qurtulma rəmzi hesab olunurdu.
Zaman keçdikcə ənənə dəyişib. Artıq İuda əvəzinə cəmiyyət tərəfindən birmənalı qarşılanmayan siyasətçilərin, ictimai xadimlərin və ya məşhur şəxslərin müqəvvaları hazırlanaraq yandırılır. 2026-cı il dünya çempionatı günlərində isə bu simvolik qəhrəman Kilian Mbappe olub.
Mərasim Paraqvay Senatının üzvü Amarilianın irqçi qalmaqala səbəb olan açıqlamalarından sonra baş tutub. Senator daha əvvəl söylədiyi təhqiramiz ifadələri belə əsaslandırmışdı: "Mən elə bir nəslin nümayəndəsiyəm ki, o dövrdə belə sözləri işlətmək normal hesab olunurdu".
Mbappenin müqəvvasının yandırılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu qədim ənənənin davamı kimi qiymətləndirsə də, digərləri hadisənin irqçi qalmaqal fonunda baş verməsini tənqid edib.
