DSMF-in büdcə gəlirləri açıqlandı
13 sentyabr 2012 14:26 (UTC +04:00)

DSMF-in büdcə gəlirləri açıqlandı

Bu ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1624,6 mln. manat təşkil edib. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu, 2011-ci ilin müvafiq dövrünə nisbətən 287,1 mln. manat və ya 21,5 faiz çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 117,4 mln. manat artaraq 891,9 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,2 faizi və ya 536,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 18,0 faiz və ya 81,9 mln. manat artıb, proqnoz isə 109,2 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin ilk 8 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 14,2 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 26,5 faiz artıb.

Yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 355 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 35,5 mln. manat artıb. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,4 mln. manat təşkil edib. Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,3% icra olunub. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Cari ilin yanvar-avqust aylarında DSMF-in xərcləri 1602,6 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1571,8 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 280,2 mln. manat və ya 21,7 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 22,2 faiz və ya 278,9 mln. manat artaraq 1534,9 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. 2012-ci ilin 1 iyul tarixinə əmək pensiyalarının orta aylıq məbləği 150,8 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,2 manat təşkil edib. Bu ilin yanvar-avqust aylarında əhaliyə 36,9 mln. manat məbləğində müavinət ödənilib.
# 941

Oxşar yazılar