Qanunvericiliyin 25561 dəfə pozulması faktı aşkarlanıb
04 oktyabr 2012 10:46 (UTC +04:00)

Qanunvericiliyin 25561 dəfə pozulması faktı aşkarlanıb

Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin 9 ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 25561 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergi ödəyicilərinin 50.6%-i tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 10,8%-i tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 4,5%-inin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 17,2%-inin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

2560 vergi ödəyicisi tərəfindən 4228 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1264 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 480 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayan 6436 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunmuş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.
# 752

Oxşar yazılar