Beynəlxalq Valyuta Fondu 2 ton qızıl satdı
17 noyabr 2009 11:00 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu 2 ton qızıl satdı

1,2 milyon əhalisi olan Mavrikiya fonddan aldığı qızıla görə 71,7 milyon dollar ödəyib

Beynəlxalq Valyuta Fondu (BVF) qızıl ehtiyatından Mavriki Mərkəzi Bankına 2 ton həcmidə qızıl satıb. Fond bu sövdələşmədən 71,7 milyon dollar qazanıb.

Lenat.az “İqtisadi forum” jurnalına istinadən xəbər verir ki, noyabrın 11-də Mavrikiya Respublikasına orta bazar qiymətinə qızıl satılıb. Noyabrın 16-da müqavilə barədə məlumat veriləndə artıq qızılın unsiyasının dünya qiyməti rekord həddə - 1136,72 dollara çatmışdı.

Xatırladaq ki, bu nəcib metalın satışının ilk partiyası 19-30 oktyabr tarixində həyata keçirilib. Həmin dövrdə Hindistanın Mərkəzi Bankı 200 ton həcmində qızıl alıb. Bu satışdan Fond 6,7 milyard dollar gəlir əldə edib.

Bu ilin sentyabrında BVF-nin İcraiyyə Şurası tərəfindən 4 03,3 ton qızılın satılması barədə qərar qəbul edilmişdi. Bu isə Fondun bütün qızıl ehtiyatının 1/8 hissəsini təşkil edir. BVF qiymətli metalın ilk növbədə ölkələrin mərkəzi banklarına təklif olunacağını bildirmişdi.

Yeri gəlmişkən, BVF 3217 ton qızıl ehtiyatına malikdir və ABŞ və Almaniyadan sonra dünyada qızıl ehtiyatına görə 3-cü yeri tutur. Bu beynəlxalq qurumdan pulla qızıl alan Mavrikiya Respublikası Hind okeanında yerləşən ada-dövlətdir. Əhalisinin sayı 1 milyon 288 min nəfərdir. Ölkə ÜDM-in adambaşına düşən həcminə görə Afrikanın ilk onluğuna daxildir. Mavrikiyanın əsas gəlirləri turizm, şəkər çuğundurunun istehsalı və ofşor zonalardır.

Elxan SALAHOV
# 545

Oxşar yazılar