Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində yeni kredit sazişi imzalanıb
01 iyul 2011 13:26 (UTC +04:00)

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində yeni kredit sazişi imzalanıb

Bu gün Bakıda Gürcüstan və Azərbaycan arasında Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Gürcüstana əlavə maliyyə vəsaitinin ayrılmasına dair kredit sazişinin imzalanma mərasimi keçirilib.


APA-ECONOMICS”in xəbərinə görə, sazişi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfdən isə “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-nin rəhbəri Bidzina Breqadze imzalayıb.


Saziş BTQ layihəsi üzrə Koordinasiya Şurasının Bakıda keçirilən 11-ci iclası çərçivəsində imzalanıb. Kredit 25 il müddətinə və illik 5%-lə verilir. 575 mln. dollar həcmində əlavə vəsaitin ayrılmasına səbəb Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunmasıdır. Vəsaitin Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyi vasitəsilə iki tranşla ayrılması nəzərdə tutulur.


Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.


Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək. Gələn ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsi gözlənilir.
# 626

Oxşar yazılar