Dövlət Statistika Komitəsi: Mal və qoyun əti, toyuq budu bahalaşıb
13 iyul 2011 18:08 (UTC +04:00)

Dövlət Statistika Komitəsi: Mal və qoyun əti, toyuq budu bahalaşıb

İyun ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

Ötən ay ərzaq məhsullarından düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və makaronların, toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış və strelizə olunmuş üzlü südün, xamanın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, bananın, armudun, alçanın, albalının, gilasın, şaftalının, çiyələyin, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kökün, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşıb.

Ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub. Bu, əsasən mal və qoyun ətinin, toyuq budunun, günəbaxan və qarğıdalı yağlarının, almanın, şabalıdın, göyərtinin, çuğundurun qiymətlərində qeydə alınıb.

Yay mövsümünün ilk ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunub. Bundan əlavə, inşaat materiallarından pəncərə şüşəsinin, su tənzimləyici cihazların, ağac yonqar lövhələrin, kərpicin, sementin, məişət avadanlıqlarından qaz plitəsinin, qızdırıcıların, tozsoranların qiymətləri ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından boyaların, parket üçün lakın, kəsilmiş taxtaların, laminat parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb.
# 619

Oxşar yazılar