İqtisadi İnkişaf Nazirliyi taxılçılıqla bağlı elan verdi
18 iyul 2011 15:17 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi taxılçılıqla bağlı elan verdi

İqtisadi İnkişaf Nazirliyi yüksək keyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik investisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrdə verib.
Bu tövsiyyələr aşağıdakılardır:

- iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması və ya kiçik təsərrüfatların könüllülük prinsipi əsasında birləşməklə, böyük taxıl və toxum istehsalı təsərrüfatlarının təşkil olunması;

- taxılçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək keyfiyyətli məhsuldar toxumların (orijinal, superelit, elit, R1 və R2), o cümlədən müxtəlif aqrotexniki maşın, texnika və dərman preparatlarının alınması, taxıl və toxumun saxlanması üçün müasir tələblərə cavab verən anbar komplekslərinin yaradılması;

- taxılçılıq və toxumçuluğun davamlı-elmi təminatının yaxşılaşdırılması və qabaqcıl təcrübənin öyrənilməsi üçün dövlətin dəstəyi ilə ixtisaslı mütəxəssis-kadrların və peşə yönümlü işçilərin inkişaf etmiş ölkələrdə təlim kurslarında iştirakı;

- investisiya layihəsi çərçivəsində yüksək keyfiyyətli və məhsuldar buğda toxumunun əkilməsi;

- taxılçılıq (toxumçuluq) təsərrüfatları tərəfindən yüksək keyfiyyətli və məhsuldar taxıl (toxum) yetişdirilməsi məqsədilə müvafiq rayonlaşdırılmış torpaq sahələri və əlverişli infrastrukturun təmin olunması;

- aqrotexniki, ekoloji və digər qaydalara və tələblərə əməl olunmaqla taxıl yetişdirilməsi məqsədilə təsərrüfatların təcrübəli mütəxəssis (aqronom) və müvafiq kənd təsərrüfatı texnikası ilə təmin edilməsi;

- investisiya layihəsi çərçivəsində meliorasiya, irriqasiya işlərinin aparılması və müasir suvarma sistemlərinin yaradılması;

Sahibkarlıq subyektləri investisiya layihələrinə dair məlumatları müvəkkil kredit təşkilatları vasitəsi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim etməlidirlər. Təqdim edilmiş investisiya təkliflərinə qanunvericiliyə uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunda və ya "Azərbaycan İnvestisiya Şirkəti" ASC-də baxılacaqdır. İnvestisiya layihələrinin maliyyələşdirilməsi Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli kreditləri və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaiti hesabına həyata keçiriləcək.
# 605

Oxşar yazılar