“Bakcell” və “Azercell”in məhkəmə çəkişməsinin səbəbi məlum olub
20 iyul 2011 16:09 (UTC +04:00)

“Bakcell” və “Azercell”in məhkəmə çəkişməsinin səbəbi məlum olub

Məhkəmə çəkişməsinin detalları “APA-ECONOMICS”-in hər iki şirkətə rəsmi sorğu göndərməsi nəticəsində üzə çıxıb. Məlum olub ki, iddia mobil operatorların bir-birinə şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə müəyyən tariflə ödədiyi məbləğlə bağlı olub.


“Bakcell” MMC-nin Korporativ Kommunikasiya Şöbəsindən “APA-ECONOMICS”-in sorğusuna cavab olaraq bildirilib ki, mobil operatorlar bir-birinə şəbəkə xarici zənglərin hər dəqiqəsinə görə müəyyən tariflə haqq ödəyir və həmin tarif “şəbəkələr (operatorlar) arası qoşulma haqqı” adlanır: “2009-cu ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən şəbəkələrarası qoşulma tarifi 0,02 AZN (2 qəpik) müəyyən edilib. “Bakcell” MMC “Azercell Telekom”a şəbəkələrarası qoşulma tarifinin tələb olunan səviyyəyə qədər azaldılması təklifi ilə müraciət etsə də, “Azercell” MMC hazırkı tariflə qane olduğunu bəyan edir. Hazırda “Bakcell” ilə “Azercell” arasında olan şəbəkələrarası qoşulma tarifi əvvəlki yüksək səviyyədə qalmaqdadır. Bu isə bazara mənfi təsir göstərir, “Bakcell” şirkətinin öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırır”.


“Azercell-Telekom” MMC-nin mətbuat xidmətindən isə “APA-ECONOMICS”-in sorğusuna qısa cavab verilib. “Azercell”-dən məhkəmənin çıxaracağı qərarı gözlədiklərini bildiriblər. Həmçinin şirkətdən “Bakcell”-i haqsız saydıqlarını deyiblər: “Biz qarşı tərəfi tamamilə haqsız sayırıq, amma son qərarı məhkəmə verəcək”.

Qeyd edək ki, “Bakcell” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı iddiasına 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində baxılır.
# 1056

Oxşar yazılar