Prezident Bakı-Ələt yolunda aparılan inşaat işləri ilə tanış olub
28 avqust 2011 18:34 (UTC +04:00)

Prezident Bakı-Ələt yolunda aparılan inşaat işləri ilə tanış olub

APA-nın məlumatına görə, tikintinin layihəsi barədə prezidentə məlumat verilib.

Bildirilib ki, layihə üzrə yolun bu hissəsinin ümumi uzunluğu 2,8 kilometr, eni isə 41,50 metr olacaq. Səkkiz hərəkət zolağından ibarət olacaq yeni yol cənub və cənub-qərb istiqamətində nəqliyyatın paytaxta rahat giriş və çıxışını tam təmin edəcək. Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafından keçən bu hissəsində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 4 yeni piyada keçidi inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun həyata keçirilir.

Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrlik hissəsində aparılan inşaat işləri ilə paralel olaraq Dənizkənarı Milli Parkın genişləndirilərək Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi layihəsi də icra edilir.

Xatırladaq ki, 2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə prezident İ. Əliyev Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi, burada abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi. Layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan prezidenti görülən işlərlə yerindəcə tanış olub. Burada həyata keçirilən inşaat işləri barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, layihəyə uyğun olaraq Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılacağı nəzərdə tutulur. Burada əhalinin istirahəti üçün lazım olan bütün şəraitin yaradılacağı qeyd edilib.

Daha sonra prezident Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişi ilə bir daha tanış olub. Dövlət başçısı burada aparılan inşaat işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
# 456

Oxşar yazılar