ARDNŞ Kumbordakı kazarmaları icarəyə götürdü
13 iyul 2012 12:57 (UTC +04:00)

ARDNŞ Kumbordakı kazarmaları icarəyə götürdü

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Monteneqro hökuməti arasında Kumbordakı “Orijen Battalion” kazarmalarının uzunmüddətli icarəsi haqqında müqavilə imzalanıb.
APA-ECONOMICS”in Monteneqro KİV-nə istinadən xəbərinə görə, sazişi Monteneqronun paytaxtı Podqoritsa şəhərində ARDNŞ-ın adından Qafar Qurbanov və bu ölkənin dayanıqlı inkişaf və turizm naziri Predraq Sekuliç imzalayıb.


Monteneqro hökumətinin saytında verilən məlumata görə, 90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur. Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 mln. avro, ilk 8 ilində isə 258 mln. avro sərmayə qoymağı öhdəsinə götürüb. 45 illik icarə haqqı əvvəlcədən ödəniləcək. İcarə haqqı ərazinin 1 kv. metri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq. Kurortun inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsi haqqında sənədin qəbulundan sonra təsdiqlənəcək.


ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab verməyib: “Ona görə də ARDNŞ Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb”.


R.Abdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur: “Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur”.
# 636

Oxşar yazılar