İndiyə qədər Yer üzərində 200 mindən çox ton qızıl çıxarılıb və bu qiymətli metalın əsas hissəsi zərgərlik məmulatlarının hazırlanmasına sərf olunub. Lakin mütəxəssislər bildirir ki, Yer kürəsindəki qızıl ehtiyatlarının böyük qismi hələ də çıxarılmayıb və çoxu ekonomik baxımdan əlverişsiz və yayılmış formada mövcuddur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) indiyə qədər təxminən 206 000 ton qızılın dağ süxurlarından və çaylardan çıxarıldığını bildirir. Dünya Qızıl Şurası isə bu rəqəmi 238 391 ton olaraq göstərir.
Bu qızılın istifadəsi sahələrinə görə bölgüsü belədir:
45 faiz– zərgərlik sənayesində, 22 faiz – külçə və sikkə formasında şəxsi kolleksiyalarda, 17 faizi isə mərkəzi bankların ehtiyatlarında saxlanılır
Hazırda Yer üzündə nə qədər qızıl ehtiyatı var?
ABŞ Geoloji Xidmətinin "Mineral Commodity Summaries" hesabatına əsasən, Yer kürəsində təxminən 70 550 ton qızıl hələ də iqtisadi cəhətdən hasil oluna biləcək yataqlarda mövcuddur.
Ən çox ehtiyata malik ölkələr
Rusiya, Avstraliya və Cənubi Afrika. Amma 2024-cü ildə ən çox qızıl hasil edən ölkə Çin olub.
Dünya Qızıl Şurasının məlumatına görə: Mövcud mühafizə olunan ehtiyatlar 60 370 ton, ümumi resurslar isə təxminən 145 626 ton təşkil edir.
Beləliklə, insan tərəfindən çıxarılmış və hələ çıxarılmamış ümumi qızıl ehtiyatı 277 000 – 299 000 ton arasında hesablanır.
Yer qabığında və okeanlarda nə qədər qızıl var?
Kaliforniya Universitetinin (Berkeley) məlumatlarına görə, qızıl Yer qabığında çox seyrək şəkildə yayılıb və əksər hallarda ekstraksiya üçün əlverişli deyil.
Bu metal: Magmatik süxurlarda və dəniz suyunda çox kiçik hissəciklər şəklində mövcuddur;
yer qabığındakı qızıl konsentrasiyası 1 milyard hissəyə 4 hissə, yəni təxminən 0.004 qram/ton təşkil edir; ümumi olaraq Yer qabığında bu cür səpələnmiş qızılın ümumi çəkisi təxminən 441 milyon ton təşkil edir.
Ən çox qızıl haradadır?
Geoloqların fikrincə, dünyadakı qızıl ehtiyatının 99%-i Yer kürəsinin nüvəsində yerləşir. Bu qədər qızıl, Yer səthini 0.5 metr qalınlığında təbəqə ilə örtməyə kifayət edəcək qədərdir. Lakin nüvə qatına çıxış texnoloji cəhətdən mümkün olmadığı üçün bu ehtiyatlar insan üçün hazırda əlçatmaz sayılır.
Nüvədəki ehtiyatlara çatmaq isə mümkün deyil. Bu səbəbdən qızıl nadir və qiymətli metal olaraq qalmaqda davam edir.