Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI
07 fevral 2023 11:42 (UTC +04:00)

Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

Hazırda daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas problemlərdən biri sənədsiz evlərdir. Fərdi evlər tikilib, uzun illər həmin evlərdə yaşayış var, amma sənəd almaq mümkün deyil. 

Maraqlıdır, görəsən, bu problem necə həll ediləcək?

Lent.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova mövzu ilə bağlı APA-ya bildirib ki, bu məsələ ilə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.

Onun sözlərinə görə, özbaşına tikililərin tənzimlənməsi müxtəlif dövlət qurumlarının səlahiyyətlərinə aid kompleks tədbirləri zəruri edir:

“Burada mülkiyyət hüququnun yaranması və qorunması, torpaqlardan istifadə, şəhərsalma qaydaları, tikintinin təhlükəsizliyi tələblərinə əməl edilməsi kimi aspektlər mövcuddur. Müzakirələrdən sonra məsələlərin hansı ardıcıllıqla öz həllini tapacağını demək olar. Xüsusilə infrastruktur obyektlərinin – yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz və neft kəmərlərinin, dəmiryolunun, magistral avtomobil yollarının, eləcə də Xəzər dənizi və çayların mühafizəsində yerləşən evlər mövcuddur. Bu evlərin istifadə edilməsi həm sakinlər üçün təhlükə mənbəyidir, həm də infrastrukturun normal istismarına ciddi maneə yaradır. Eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda, meşə torpaqlarında, Dövlət Neft Şirkətinin beynəlxalq müqavilələrin predmeti olmuş mədən ərazilərində evlərin tikilməsi məsələni mürəkkəbləşdirən aspektləri təşkil edir”.

Nigar Alimova fikirlərinə davam edərək həmçinin bildirib ki, hazırda qanuniləşdirilməsi ən asan olan evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərdir:

“Burada yalnız söhbət torpağın kateqoriyasının dəyişdirilməsindən gedir. Yaşayış massivinin köçürülməsi, sökülməsi xərcləri də dəyərləndirilməlidir. Məsələn, müəyyən edilməlidir ki, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi dövlətə az risk və xərc tələb edir, daha asandır, yoxsa yaşayış massivinin yerinin dəyişdirilməsi? Ola bilər ki, həmin vətəndaşlara çoxmənzilli binalardan ev təklif edilsin.

Burada tənzimləmə vətəndaşların, xüsusilə aztəminatlı ailələrin qorunması ilə yanaşı torpaqdan qanunsuz istifadəyə gələcəkdə yol verilməməsi, şəhərsalma və tikintidə təhlükəsizlik qaydalarının pozulmaması kimi amilləri tarazlığını təmin etməlidir”.

# 3102
avatar

Arzu Qurbanlı

Oxşar yazılar