Supermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ
18 avqust 2026 14:31 (UTC +04:00)

Supermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ

0

Supermarketə yalnız çörək və süd almaq üçün girib, ehtiyac olmayan məhsullarla dolu paketlə çıxmaq çoxlarına tanışdır. Mütəxəssislər bildirirlər ki, bu, heç də həmişə təsadüfi deyil.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mağazalarda məhsulların yerləşdirilməsi, endirim kampaniyaları, iri alış-veriş arabaları və hətta qoxular insanların daha çox alış-veriş etməsinə hesablanan marketinq üsulları arasında yer alır.

Ən çox istifadə edilən üsullardan biri parlaq endirim etiketləridir. “30 faiz endirim”, “2+1” və “sərfəli qiymət” kimi yazılar alıcının diqqətini cəlb edir və əvvəlcədən planlaşdırmadığı məhsulu almasına səbəb ola bilər. Mütəxəssislər belə halda “Endirim olmasaydı, bu məhsulu alardım?” sualını verməyi məsləhət görürlər.

Digər üsul bahalı və cəlbedici məhsulların göz səviyyəsində yerləşdirilməsidir. Buna görə də aşağı və yuxarı rəflərdəki alternativlərə baxmaq, məhsulların kiloqram və ya litr üzrə qiymətlərini müqayisə etmək tövsiyə olunur.

Böyük alış-veriş arabaları da insanlarda az məhsul aldıqları təəssüratı yarada bilər. Kiçik alış-veriş zamanı səbətdən istifadə etmək lazımsız məhsulların alınmasının qarşısını almağa kömək edir.

Təzə bişmiş çörək, ət və hazır yeməklərin qoxusu da iştahanı artıraraq impulsiv alış-verişə səbəb ola bilər. Buna görə mütəxəssislər marketə ac getməməyi məsləhət görürlər.

Kassaların yanında yerləşdirilən şokolad, saqqız, içki və digər xırda məhsullar da ən məşhur “tələlərdən” hesab olunur. Qiyməti aşağı görünsə də, belə alışlar ay ərzində xərcləri əhəmiyyətli dərəcədə artıra bilər.

Mütəxəssislərə görə, artıq alış-verişdən qorunmağın ən yaxşı yolu əvvəlcədən siyahı və büdcə hazırlamaq, səbətə atılan məhsulları ödənişdən əvvəl yenidən nəzərdən keçirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar