Məktəbdəki qətlin CİNAYƏT İŞİ:  gözətçini öldürüb, cinsi orqanını kəsdi
28 iyul 2025 20:15 (UTC +04:00)

Məktəbdəki qətlin CİNAYƏT İŞİ: gözətçini öldürüb, cinsi orqanını kəsdi

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il mayın 14-də Bakının Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanıb. Məlum olub ki, cinayət İzzət Orucova küçəsi, 21 ünvanında yerləşən 55 nömrəli orta məktəbdə baş verib.

İstintaq zamanı müəyyən edilib ki, itkin düşən 1964-cü il təvəllüdlü Natiq Mehdinin meyiti Xəzər rayonun Mərdəkan qəsəbəsində, Ramin Qasımov küçəsində yerləşən torpaq sahəsində basdırılıb. Şübhəli şəxs qismində saxlanılan Elsevər İslamovun göstərdiyi yer qazılaraq, sellofan paketlərə yığılmış, müxtəlif hissələrə ayrılmış insan cəsədi aşkar edilib.
 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az amansızlıqla törədilən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, mayın 9-u saat 17 radələrində Elsevər İslamov iş yoldaşı Rasim Tağıyevlə görüşərək Nəsimi rayon ərazisində yerləşən kafedə spirtli içki qəbul edib. Saat 22 radələrində işlədiyi 55 saylı orta məktəbin qarşısında saxladığı “Mitshubishi” markalı avtomobili götürməkdən ötrü ora yollanıb. Sanitar qovşaqdan istifadə etmək üçün məktəbə daxil olarkən, gözətçi Natiq Mehdinin 1-ci mərtəbənin foyesində, kresloda yatdığını görüb. İş yerində yatması ilə əlaqədar əvvəllər də aralarında mübahisələr olduğuna görə əsəbi halda, fotoşəkilini mobil telefonu ilə çəkərək, onu yuxudan oyadıb. İradını bildirəndə, gözətçi iş yerində yatmasında hər hansı qüsur olmadığını deyib. Bu zəmində aralarında yaranmış mübahisə zamanı Elsevər İslamov yumruq zərbələri ilə Natiq Mehdini yerə yıxıb. Baş nahiyəsinə təpiklə zərbələr vurub. Çölə çıxaraq, avtomobildə saxladığı məişət təyinatlı bıçağı götürüb geri qayıdıb. Gözətçinin sinəsinə zərbələr vuraraq, onu  öldürüb. Bundan sonra, mərhumun əynində olmuş qara rəngli idman şalvarını, gödəkçəsini, köynəyini və alt paltarlarını çıxararaq, məktəbin həyətindəki zibil qutusuna tullayıb. Bıçaqla meyiti hissələrə ayıraraq, başını, bədənini, qollarını və əllərini selofan torbalara yığıb. Cinsiyyət orqanını kəsərək, zibil qutusuna atıb. Mayın 11-də paketləri maşının yük yerinə qoyaraq, Mərdəkan qəsəbəsinə aparıb. Məişət tullantıları olan sahədə, təxminən bir metr quyu qazaraq meyitin hissələrini orda basdırıb.


 
İş üzrə dindirilmiş Elsevər İslamov bildirib ki, 1966-cı ildə Göyçay rayonun Alpout kəndində anadan olub. 1994-cü ildən 1996-cı ilədək Xətai rayonunda 58 saylı orta məktəbdə fiziki tərbiyyə müəllimi, 96-cı ildən 99-cu ilədək Qazaxıstan Respublikasının Aktau şəhərində, xüsusi təyinatlı polis dəstəsində patrul, əməliyyatçı vəzifələrində işləyib:

“1999-cu ildə Bakı şəhərinə qayıtdım. 2009-cu ildən hazırki vaxtadək 55 saylı məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyirdim. İki dəfə ailə həyatı qurmuşam. Natiq Mehdi 2022-ci ildən məktəbdə gözətçi işləyirdi. Mübahisəmizə Natiqin mənə rəhbər kimi hörmət etməməsi və saymazlıq etməsi səbəb olurdu. Mayın 9-da qeyri-rəsmi iş günü olduğundan Rasim Tağıyevlə görüşüb 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kafeyə gedik. Yemək yeyərkən, araq və pivə içdik. Saat 22 radələrində kafedən çıxdıq. Avtomobilimi götürmək üçün işlədiyim məktəbin qarşısına gəldim. Sanitar qovşağına keçərkən, girişdən sol tərəfdə yerləşən kresloda Natiq Mehdinin yatdığını gördüm. İstifadəmdə olan “Samsung” markalı telefonla şəklini çəkdim və onu yuxudan oyatdım.

Nə üçün yatdığını soruşanda, Natiq yatmağında heç bir problem olmadığını bildirdi. Mənimlə oturaq vəziyyətdə danışdığı üçün əsəbiləşdim. Ayağa qalxmasını tələb edəndə, gözətçi bundan imtina etdi. Əyləşdiyi kreslonu altından çəkən kimi, Natiq ayağa qalxıb köynəyimin yaxasından tutdu və özünə tərəf dartdı. Natiqin hərəkətindən əsəbiləşib sağ əlimlə başının sol tərəfinə yumruqla zərbə vurdum. Yerə yıxılan gözətçi mənə ağır ifadələr işlətdi. Bundan daha da qəzəblənib başına və qarınına təpiklə zərbələr vurdum. 1-2 dəqiqədən sonra Natiqin nəfəs almadığını gördüm. Sanitar qovşağına gedib əl-üzümü yuyub geri qayıtdım. Xeyli fikirləşib meyiti gizlətmək qərarına gəldim. Bıçaqla Natiqin sinəsinə və qarınına 2 dəfə zərbə vurdum. Ayaqlarını, ardınca qollarını və əllərini kəsdim. Başını boyunundan ayırdım. Söyüşlərindən əsəbim hələ də soyumadığı üçün cinsiyyət orqanını da kəsdim”.

Elsevər ifadəsində deyib ki, Natiqin qanı axmasın deyə ikiqat sellofanlardan istifadə edib. Natiqin olduğu yerin müəyyən edilməməsi üçün onun mobil telofonunu sındıraraq, zibil qutusuna atıb. Sonra avtomobillə yaşadığı evə gedib. Ayın 10-u səhər saat 5 radələrində yenidən məktəbə qayıdıb:

“Natiqə məxsus “Chevrolet” markalı avtomobili sürüb “Ağ şəhər” yaşayış massivinin yaxınlığında saxladım. Ayın 12-də məktəbdə imtahan keçiriləcəyi üçün ayın 11-də səhər Dövlət İmtahan Mərkəzinin əməkdaşları məktəbə gələrək sinif otaqlarını və məktəbin giriş-çıxışını yoxlayıblar. Məktəbə heç kimin daxil olmaması üçün qapılara möhür vuraraq, gediblər. Saat 12 radələrində sellofan paketlərə yığılmış meyitin hissələrini məktəbin pilləkənlərinin altından çıxardım və öz maşınımın yük yerinə yerləşdirdim. 2 saatdan sonra Mərdəkan qəsəbəsinə, yaşadığım evə gəldim. Yaxınlıqda, məişət tullantıları olan boş sahədə quyu qazaraq, meyitin hissələrini basdırdım. Mayın 14-də polis əməkdaşları Natiq Mehdinin itkin düşməsi ilə əlaqədar məni sorğu-sual edərkən, törətdiyim cinayət əməlini etiraf etdi”.

Natiq Mehdi

Elsevər İslamov əlavə edib ki, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Narkotik vasitələr qəbul etmir, hərdən bir spirtli içki içir. 
 
Şahid Yaqut Kərimli ifadəsində göstərib ki, 55 nömrəli orta məktəbdə direktor vəzifəsində işləyir:

“Natiq Mehdi 2021-ci ilin noyabr ayında mənim əmrimlə gözətçi kimi işə qəbul edilib. Mayın 10-da müavinim Elsevər İslamov Natiqin məktəbin qapılarını açıq qoyaraq getdiyini xəbər verdi, mən də onunla əlaqə saxlamasını tapşırdım. Amma İslamov gözətçi ilə əlaqə saxlamaq mümkün olmadığını dedi. Ailə üzvləri də bildirdilər ki, Natiq işdən evə getməyib. 2-3 gündən sonra polis əməkdaşları gələrək kamera görüntülərinə baxdılar. Videogörüntüdə bir şəxsin digərini vurması qeydə alınmışdı. Qaranlıq olduğu üçün hadisə tam aydın görünmürdü, dalaşan şəxsləri seçmək mümkün deyildi”.


 
Məhkəmə iclasında Elsevər İslamov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Yeganə Mehdi ifadəsində göstərib ki, hadisə baş verən zaman Türkiyə Respublikasında olub:

“Qardaşımla tez-tez əlaqə saxlayırdıq. Həmin gün Natiqə mesaj yazsam da, qardaşım ismarıcıma ümumiyyətlə baxmadı. 2 gündən sonra bacım oğluna zəng edib qardaşımla maraqlananda, o, Natiqdən xəbərləri olmadığını söylədi. Ayın 14-də öyrəndim ki, qardaşım işlədiyi məktəbin direktor müavini tərəfindən öldürülüb”.


 
Yeganə Mehdi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Prokuror Elsevər İslamova 20 il cəza təyin edilməsini istəyib.
 
Son söz söyləyən Elsevər İslamov bildirib ki, bu hadisənin niyə baş verməsini özü də anlaya bilmir. Bircə onu bilir ki, Natiq Mehdinin söyüş söyməsi onu hövsələdən çıxarıb.
 
Məhkəmə nəticəyə gəlib ki, Elsevər İslamovun əməlində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə nəzərdə tutulan cinayətlərin əlamətləri var. Odur ki ona, həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər İslamov cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504

Oxşar yazılar