Pivə puluna görə dostunu öldürdü - BAKIDA ŞOK CİNAYƏT
22 may 2023 20:15 (UTC +04:00)

Pivə puluna görə dostunu öldürdü - BAKIDA ŞOK CİNAYƏT

2022-ci il iyunun 9-da 2003-cü il təvəllüdlü Sübhan Cəfərov qətlə yetirilir. Prokurorluq əməkdaşlarının baxışı zamanı onun meyiti hadisə baş verən ərazidə, Məmmədli dairəsində, yolun sağ tərəfində yerləşən boş torpaq sahəsində tapılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Araşdırmalar zamanı qətlin mərhumun həmyaşıdı olan İlham Xanlarov tərəfindən törədilməsi üzə çıxıb. O, 2022-ci il yanvarın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il 5 ay müddətinə azadlıqdan məhrum olunub.CM-nin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası 1 il şərti cəza ilə əvəz edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyunun 2-də İlham Xanlarov dostluq münasibətində olduğu Sübhan Cəfərovla birlikdə Ramana qəsəbəsi, Elşən Məhərrəmli küçəsində yerləşən kafedə ortaq tanışlarına qonaqlıq veriblər. Obyektə qalan pul borclarını oranın icarədarı Sarvan Salmanlıya yaxın günlərdə çatdıracaqlarını söz versələr də, Sübhan Cəfərov öhdəsinə düşən payı verməkdən yayınıb. İlham Xanlarov Sarvan Salmanlının qarşısında borclu qalmasında dostunu günahkar hesab edərək, onu öldürmək qərarına gəlib. Ayın 9-u saat 21 radələrində söhbət etmək bəhanəsi ilə Sübhan Cəfərovu Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsinin sağ tərəfində yerləşən boş torpaq sahəsinə dəvət edib. Bu məzmunda aralarında baş vermiş mübahisə zamanı, dostu borcunu ödəyə bilməyəcəyini deyib. Bundan hiddətlənən İlham Xanlarov şalvarının kəmərindən bıçağı çıxararaq Sübhan Cəfərovun qarın boşluğuna bir dəfə zərbə vuraraq onu öldürüb.
 
İş üzrə dindirilmiş İlham Xanlarov bildirib ki, Sübhan Cəfərovla hadisədən 1-2 ay əvvəl təsadüfən tanış olub. İyunun 2-də günorta saatlarında Ramana qəsəbəsində yerləşən kafedə dostları ilə birlikdə pivə içməyə yollanıblar:

“Sübhanla hesabı ikimiz yarı-yarıya ödəyəcəyimiz barədə razılaşdıq. Axşam saat 21 radələrinə kimi orda əylənib, spirtli içki qəbul etdik.

İlham Xanlarov

Kafeyə 153 manat borcumuz qaldı. Sarvana həmin məbləği tez bir zamanda çatdıracağımı dedim. Sübhan mənə köməklik edəcəyini, növbəti gün pul tapıb telefonu lombarddan çıxardacağına söz verdi. Səhərisi gün zəng edəndə, dostum pul tapa bilmədiyini söylədi. Sübhanın işsiz olmasını nəzərə alıb, ona çox təzyiq etmədim. Bir neçə gündən sonra kafeni işlədən Sarvan Salmanlı zəng edib, pulunu istədi. Bu barədə dostuma bildirəndə, o, müxtəlif bəhanələr gətirib, pulu olmadığını, hətta bununla kifayətlənməyərək Xəyal adlı tanışının yanına gedib, güya mənim Sübhandan pul tələb etdiyini bildirib. Xəyal zəng vurub, nə səbəbə görə onu sıxdığımı soruşanda, heç kimə təzyiq etmədiyimi, sadəcə sakit şəkildə borcunu ödəməsini istədiyimi dedim. Sübhan verdiyi sözə əməl etmədiyi üçün kafeni icarədarının qarşısında pis vəziyyətdə qaldım. Dostum “Instagram” sosial şəbəkəsində olan “İlhaam444” adlı profilimə nalayiq ifadələr yazıb göndərsə də, onunla dava etmədim. İyunun 9-da günorta telefonuma baxanda, “Instagram”dakı hesabıma növbəti ismarıc göndərdiyini gördüm. Söyüşünə cavab yazmasam da, hərəkətindən bərk əsəbləşdim. Saat 17 radələrində tanışım Adil Məmmədovla “Koroğlu” metrostansiyasının yaxınlığında görüşdük, ayaqqabı almaq üçün birlikdə “28 may” stansiyasına yollandıq.

Adil aldığı ayaqqabını evə qoyandan sonra, bir qədər yaşadığımız qəsəbədə gəzişdik. Bulaq adlanan ərazidə tanışımız Nicat Mahmudovla rastlaşdıq. Həmin vaxt zəng edən kafenin icarədarı mənimlə aqressiv danışaraq, borcumu ödəməyimi tələb edib. Buna görə, Sübhanla əlaqə saxlayıb, kafeyə olan borcu ilə əlaqədar görüşmək istədiyimi dedim. Amma Sübhan pulu qaytarmaq əvəzinə, mənə nalayiq məzmunlu mesaj göndərdi. Təxminən saat 19 radələrində növbəti dəfə Sübhana zəng edib, ondan harda olmasını soruşanda, o, Məmmədli kəndində olduğunu bildirdi. Şübhələnməməsi üçün dostumla mehriban danışdım.

İlham Xanlarov

Məqsədim görüşüb, söydüyü üçün onu bıçaqla vurub cəzalandırmaq idi. Adil məndən nə baş verdiyini, nə üçün Sübhanı axtardığımı soruşanda, onunla işim olduğunu dedim. Bıçağı təxminən 2 ay əvvəl, xoşum gəldiyi üçün xatırlamadığım internet səhifəsindən sifarişlə 40 manata almışdım. Üstümdə bıçaq olmasından Adilin və Nicatın xəbəri olmayıb. Sifariş etdiyim taksi ilə Məmmədli dairəsinə getdik. Maşından düşəndə öz mobil telefonumu sürücüyə girov qoyub dedim ki, bizi gözləsin. Sübhanın yolun əks tərəfində dayandığını gördük. Adil ona tərəf gedib əl etdi, Sübhan yolu keçib yanımıza gəldi. Sübhana yaxınlaşıb hal-əhval tutandan sonra, onunla dairənin sağ tərəfinə, avtoyuma məntəqəsinin arxasında yerləşən boş torpaq sahəsinə getdik. Adillə Nicat arxamızca gəldilər. Nə səbəbə görə məni söydüyünü soruşanda, Sübhan belə hərəkət etmədiyini bildirdi. Buna görə, Nicatdan xahiş etdim ki, telefonumu taksi sürücüsündən alıb gətirsin”.

Sübhan Cəfərov

Tanışı telefonu gətirəndən sonra o, mesajları Sübhana göstərib. Dostu ünvanına söyüş söyəndə, şalvarının belində saxladığı bıçağı çıxarıb, Sübhanın qarın nahiyəsinə güclü zərbə vurub:

“Zərbədən dostum arxası üstə yerə yıxıldı. Sübhan onu bıçaqla vuracağımı gözləmirdi. Sübhanın yıxıldığını görüb yanımda olan Adilə və Nicata siz qarışmayın dedim. Birlikdə taksiyə tərəf qaçdıq. Adil məndən niyə bıçaqla vurduğumu soruşanda, Sübhana çox güzəşt etdiyimi və hərəkətlərindən bezdiyimi dedim. Taksi sürücüsü əlimdə qanlı bıçaq olduğunu görüb qorxdu. Mənim tələbimlə maşını geriyə verən zaman Adil arxa pəncərəni açıb, avtoyuma məntəqəsində çalışan işçiyə orda bir nəfər bıçaqlanıb, ona kömək edin dedi. Əvvəl polisə təslim olmaq istədim. Lakin, sonradan bir qədər gözləmək qərarına gəldim. Bir qədər hərəkət edəndən sonra Nicatı Zabrat qəsəbəsində, marketin yanında düşürdük. Sabunçu qəsəbəsində yerləşən körpünün yanında Adillə maşından düşəndə, sürücüyə yol pulunu sabah verəcəyimi bildirdim. Sürücü qorxusundan mənə heç nə demədi.

Qəsəbədə yerləşən kafenin ayaqyolunda əl-üzümü və bıçağın üzərindəki qanı yudum. Həmin gecə Balaxanı qəsəbəsində, neft buruqlarının yanında Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutuldum. Adil polislərin gəldiyini görüb qaçdı. 15-ci PB-də bıçağı könüllü polis əməkdaşlarına təqdim etdim”.

İlham Xanlarov əlavə edib ki, cinayəti törətməyə onu heç kim təhrik etməyib. Sübhan Cəfərovu bıçaqla vurmaq fikrində olması barədə heç kimə məlumat verməyib.

Sübhanın meyiti
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Xalidə Vəliyeva ifadəsində göstərib ki, oğlunun pis hərəkətinin şahidi olmayıb:

“Sübhanın dostluq etdiyi şəxslərdən yalnız Adil Məmmədovu tanıyırdım. İyunun 9-u saat 11 radələrində oğlum Nərimanov rayonunda yerləşən parka sevdiyi Fatimə adlı qızla görüşməyə getmişdi. Saat 22 radələrində zəng edən polis əməkdaşı Məmmədli dairəsinə gəlməyimi xahiş etdi. Həmin yerə çatanda mənə Sübhanın öldürülməsi məlum oldu. Oğlumun hadisə baş verən əraziyə getməsindən xəbərim olmayıb. Hadisədən sonra qızımdan öyrəndim ki, Sübhan günortadan sonra onlara gəlib və saat 19-dan sonra bərbərxanaya getmək adı ilə evdən çıxıb”.

Xalidə Vəliyeva əlavə edib ki, İlham Xanlarovu tanımır. Onun oğlunu nə səbəbə görə öldürdüyünü bilmir. Hesab edir ki, Sübhanı İlham Xanlarov yanında olan şəxslərin köməkliyi ilə qətlə yetirib.

İstintaq fotosu
 
Şahid Adil Məmmədov bildirib ki, İlham sağ əlini Sübhanın çiyninə qoyub və sol əli ilə belindən çıxartdığı bıçağla qarınına zərbə vurub:

“Sübhanın dizləri büküldü və o, arxası üstə yerə yıxıldı. Cəfərovun yerə yıxıldığını görüb tez ona tərəf qaçdım. Əynimdəki maykanı çıxarıb qarnına sıxdım. Bir qədər dikəldib, narahat olmamasını, onu xəstəxanaya aparacağımı dedim. Sübhan huşsuz vəziyyətdə idi, mənə cavab vermədi. İlham üstümə qışqıranda, Sübhanın öldüyünü görüb qorxumdan onu yerə uzatdım. Tez qaçıb taksiyə əyləşdim. Taksiyə minəndə avtoyuma məntəqəsində işləyən şəxsi səslədim. Həmin oğlan bizə tərəf boylananda arxa tərəfdə, bir nəfərin yaralı vəziyyətdə olmasını və ona kömək etməyi xahiş etdim. Taksi sürücüsü İlhamın tələbi ilə avtomobili şəhər istiqamətində idarə etdi. Evə gəlib, ailə üzvlərimə heç nə demədən köynəyimi dəyişdim. Sonra Sabunçu qəsəbəsində yaşayan dostum Elcanın “Instagram” şəbəkəsindəki profilinə həyətlərinə gələcəyim haqda ismarıc yazdım. Evdən çıxıb həmin istiqamətdə gedərkən İlhamla rastlaşdım. Məhəllədə oturub söhbət edərkən İlham Elcana Sübhanı bıçaqla vurduğunu bildirdi. Elcan əvvəl sözünu ciddi qəbul etmədi. İlham qaçıb gizlənmək istəyirdi. Bu işdə bizə kömək etməsi üçün tez-tez Məhəmməd adlı dostuma zəng vururdum. Təxminən 10 dəqiqədən sonra Məhəmmədin maşını məhəlləyə daxil oldu. Avtomobildən düşən polis əməkdaşları bizə tərəf gələndə tutulacağımdan qorxub qaçdım. 2 gün Ramana qəsəbəsində yerləşən fermada gizləndikdən sonra, evə qayıtdım. Ailə üzvlərim məni görən kimi tələb etdilər ki, 15-ci bölməyə gedim”.

İstintaq fotosu
 
Şahid Vüqar Məmmədov bildirib ki, 2021-ci ilin sentyabr ayından taksi fəaliyyəti ilə məşğuldur:

“Etibarnamə əsasında “Toyota” markalı avtomobili idarə edirəm. İyunun 9-da yanımda əlində bıçaqla əyləşən şəxsin tələbi ilə maşını şəhər istiqamətində sürdüm. Hadisədən bərk qorxdum. Məni də vura biləcəyini nəzərə alıb həmin oğlana heç bir söz söyləmədim. Maşından düşəndə müştərilər yol pulunu vermədilər. Qorxumdan onlara heç bir söz demədim. Onları düşürdəndən sonra nəqliyyat vasitəsinin Kənan adlı sahibinə zəng edib, baş verən hadisəni danışdım. Kənan öz telefonundan 102 xidmətinə zəng vurub məlumat verdi. Bundan sonra məni polis bölməsinə çağırdılar. Həmin şəxsləri əvvəllər heç vaxt görməmişəm”.
 
Məhkəmə iclasında İlham Xanlarov ittiham üzrə özünü qismən təqsirli bilərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

Qətlin törədildiyi bıçaq
 
Məhkəmə nəticəyə gəlib ki, İlham Xanlarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İlham Xanlarov 19 il müddətinə azadlıqdan məhrum olunub.

# 12966
avatar

Oxşar yazılar