Britaniya kral ailəsinin üzvləri boş vaxtlarını necə keçirirlər? Vindzorlar sülaləsinin nümayəndələrinin bəziləri bağçılıqla məşğul olur, bəziləri motosiklet sürür, digərləri isə soyuq suda üzməyə üstünlük verirlər.
Lent.az xarici mediaya istinadən Britaniya kral ailəsinin üzvlərinin qeyri-adi hobbilərini təqdim edir.
Kral III Çarlz

Britaniya kralı III Çarlzın təbiətə və ətraf mühitin qorunmasına xüsusi maraq göstərməsi heç kimə sirr deyil.
Onun hobbilərinin əksəriyyəti təbiətlə bağlıdır. Kral bağçılıq, fermer təsərrüfatı və təbiət qoynunda uzun gəzintilərlə məşğul olmağı sevir. Lakin monarxın ən qeyri-adi məşğuliyyəti bunlardan tamamilə fərqlənir.
III Çarlz hələ kral olmamışdan əvvəl aldığı Hayqrouv malikanəsinə böyük məbləğdə vəsait yatırıb. Özünün dediyi kimi, bu mülkə təkcə pulunu deyil, ürəyini və ruhunu da sərf edib.
Çarlz və həyat yoldaşı Kamilla burada təxminən 80 yumurtlayan toyuq saxlayırlar. Həmin toyuqlar ildə dörd minə yaxın təzə yumurta verir. Yumurtalardan malikanənin mətbəxində istifadə olunur, hətta nahar süfrəsinə də təqdim edilir.
Maraqlısı budur ki, kral malikanədə olduğu müddətdə toyuqlara şəxsən qulluq etməyi xoşlayır. Məlumatlara görə, o, quşları özü yemləyir və səhərlər təzə yumurtaları toplayır.
Malikanədə saxlanılan toyuqların əksəriyyəti qara rəngdədir. Bu seçim həm qədim ingilis ənənələri, həm də praktik səbəblərlə əlaqələndirilir. Keçmişdə İngiltərədə qara toyuqlara üstünlük verilirdi. Çünki kömür tozu onların tüklərində açıq rəngli toyuqlardakı qədər nəzərə çarpmırdı. Bundan başqa, həmin toyuqların yumurtalarının xüsusilə dadlı olduğu hesab edilir.
Uels şahzadəsi Keyt Middlton



Keyt Middltonu çoxşaxəli maraqları olan insan adlandırmaq olar. O, fortepianoda ifa edir, müxtəlif idman növləri ilə məşğul olur və yaxta idarə etməyi bacarır. Lakin şahzadənin ən ciddi maraq göstərdiyi sahələrdən biri fotoqrafiyadır.
Əslində, fotoqrafiyanı Keytin sadəcə hobbisi adlandırmaq düzgün olmaz. O, Sent-Endryus Universitetində təhsil aldığı dövrdə incəsənət tarixi çərçivəsində fotoqrafiyanı öyrənib və bu mövzuda elmi iş hazırlayıb.
Ana olduqdan sonra Keyt övladlarının fotolarını tez-tez özü çəkməyə başlayıb. Kral ailəsinin rəsmi sosial şəbəkə hesablarında uşaqların ad günləri, məktəbə və bağçaya ilk getdikləri günlər, eləcə də gündəlik həyatlarından maraqlı anlar əks olunan şəkillər yayımlanıb.
Keyt Middlton həmçinin Kral Fotoqrafiya Cəmiyyətinin himayədarıdır.
2021-ci ildə o, “Hold Still” (“Hərəkətsiz qal”) adlı fotoalbom nəşr etdirib. Layihə COVID-19 pandemiyası dövründə insanların yaşadıqları çətinlikləri və emosional anları əks etdirən fotolara həsr olunub.
Kitabda xəstəxanalarda çalışan həkimlərin, özünütəcrid şəraitində yaşayan insanların və pandemiyanın gündəlik həyata təsirini göstərən müxtəlif fotoşəkillər yer alıb.
Lakin şahzadənin bu marağı 2024-cü ilin martında böyük qalmaqala səbəb olub.
Həmin vaxt Kensington sarayı Analar Günü münasibətilə Keytin övladları ilə birlikdə çəkilmiş fotosunu yayımlayıb. Şəkildə redaktə izlərinin aşkar edilməsi sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb.
Şahzadənin uzun müddət ictimaiyyət qarşısına çıxmaması da vəziyyəti daha da gərginləşdirib.
Sonradan Keyt Middlton fotonu özü redaktə etdiyini açıqlayıb.
“Bir çox həvəskar fotoqraf kimi mən də zaman-zaman şəkillərin redaktəsi ilə təcrübələr aparıram. Ailə şəklimizin yaratdığı anlaşılmazlığa görə üzr istəyirəm”, – şahzadə sosial şəbəkədə yazıb.
Keyt Middlton qaçış, reqbi, tennis və təbiət gəzintiləri ilə yanaşı, soyuq suda üzməyi də çox sevir.
Hətta havanın şaxtalı, yağışlı və qaranlıq olması belə onu bu məşğuliyyətdən çəkindirmir.
“Soyuq suda üzmək... Su nə qədər soyuq olsa, bir o qədər yaxşıdır. Mən bunu həqiqətən çox sevirəm. Hətta çöldə qaranlıq və yağışlı olanda belə soyuq su axtarıram. Uilyam isə mənə deyir ki, sən ağlını itirmisən. Amma mən bundan zövq alıram”, – şahzadə müsahibələrinin birində bildirib.
Uels şahzadəsi Uilyam



Britaniya taxtının varisi şahzadə Uilyamın sürətə və motosikletlərə xüsusi marağı var.
Bir müddət əvvəl onun Bukingem sarayının həyətində elektrik skuteri sürdüyünü əks etdirən görüntülər yayılıb.
İnternet istifadəçiləri bundan sonra şahzadəyə zarafatla “Prince of Wheels” (“Təkərlər şahzadəsi”) ləqəbini veriblər.
Lakin Uilyamın sürət həvəsi yeni deyil.
Gənclik illərində o, motosiklet sürməyi çox sevib, hətta qardaşı Harri ilə birlikdə xeyriyyə məqsədli motosiklet yarışlarında iştirak edib.
Şahzadənin müxtəlif motosikletlərdən ibarət kolleksiyası da olub. Onun bu həvəsi həyat yoldaşı Keyti daim narahat edib.
2015-ci ildə Keyt Middlton Uilyamın hələ də motosiklet sürdüyünü etiraf edib.
“O, hələ də motosiklet sürür. Hər dəfə yola çıxanda dəhşətə gəlirəm. Ümid edirəm ki, Corcu bu həvəsdən uzaq saxlaya biləcəyəm”, – Keyt bildirib.
Lakin zaman keçdikcə Uilyam həyat yoldaşının narahatlığını nəzərə alaraq motosiklet sürməyi azaldıb.
2018-ci ildə “Isle of Man TT” motosiklet yarışları zamanı şahzadə bu barədə danışıb.
“Mən üç uşaq atasıyam. Artıq sürəti azaltmalıyam. Uzun motosiklet səfərləri üçün darıxıram. Motosiklet sürmək mənim üçün həmişə özümü digərləri ilə eyni axında hiss etməyin bir yolu olub”, – o qeyd edib.
İndi isə şahzadə daha rahat və ekoloji nəqliyyat vasitəsi olan elektrik skuterinə üstünlük verir.
Sasseks hersoginyası Meqan Markl

Kral ailəsinin bəzi üzvləri qolf, atçılıq və polo kimi aristokratik idman növlərinə üstünlük verirlər. Digərləri isə yemək bişirmək, şirniyyat hazırlamaq və bağçılıqla məşğul olmaqdan zövq alırlar.
Meqan Marklın hobbisi isə bunlardan xeyli fərqlənir.
O, kalliqrafiya, yəni gözəl və bədii xəttlə yazı yazmaq sənəti ilə məşğul olur.
Söhbət qədim qotik və ya Asiya kalliqrafiyasından deyil, daha çox dəvətnamələrin, təbrik kartlarının və dekorativ yazıların hazırlanmasında istifadə edilən müasir kalliqrafiyadan gedir.
Maraqlıdır ki, Meqan aktyorluq karyerasına başlamazdan əvvəl bu bacarığı sayəsində pul qazanıb.
Gənclik illərində o, toy dəvətnamələri, təbrik kartları və müxtəlif xüsusi sifarişlər üçün gözəl xətlə mətnlər yazıb.
Meqan həmin dövrü belə xatırlayıb:
“Saatlarla əlimdə kiçik ağ corabla otururdum ki, əlimin yağı kağıza keçməsin. Aktyorluq seçimlərinə qatıldığım vaxtlarda bu işlə dolanmağa çalışırdım. Əl ilə yazılmış məktubların artıq qiymətləndirilmədiyi bir ölkədə bu ənənəni yaşatmağa çalışdığıma görə sevinirəm”.