Rusiyanın Berezovski Şəhər Məhkəməsi 14 il əvvəl törədilmiş qətllə bağlı hökm çıxarıb. 41 yaşlı kişi qadının ölümünə səbəb olan ağır bədən xəsarəti yetirmədə təqsirli bilinib. Qatil 16 il müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmənin müəyyən etdiyinə görə, 2011-ci il fevralın 13-də məhkumla zərərçəkən qadın arasında avtomobildə münaqişə yaranıb. Sürücü maşını su hövzəsinə tərəf sürərək saxlayıb və qadını avtomobildən çıxarıb. Onun baş və bədən nahiyəsinə əllə, eləcə də ayaqla azı 12 zərbə endirərək ağır xəsarətlər yetirib.
Cinayətin izlərini gizlətmək üçün təqsirləndirilən şəxs qadının cəsədini avtomobilin baqajına qoyaraq Prişçanovo kəndinə aparıb və tərk edilmiş fermaya aid zirzəmi otağına atıb, girişi isə tikinti tullantıları ilə bağlayıb. Meyitin gizlədildiyi yer 10 ildən artıq müddətdə naməlum qalıb.
Gizli qalan həqiqət yalnız 14 il sonra, fermer təsərrüfatının ərazisində aparılan işlər zamanı üzə çıxıb. Aşkarlanan qalıqların molekulyar-genetik ekspertiza vasitəsilə zərərçəkən qadına məxsus olduğu müəyyən edilib.
Məhkəmə həmçinin qeyd edib ki, kişi daha əvvəl də oxşar xüsusilə ağır cinayətə görə məhkum olunmuş və cəzasını çəkib: o, bu qətli törətməzdən cəmi altı ay əvvəl azadlığa çıxıb. Əvvəlki hökmün qismən toplanması yolu ilə çıxarılan yekun cəza 16 il müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrumetmə olub.