“Uşağım qan içində çabalayırdı” – Ananın FƏRYADI
27 oktyabr 2025 16:40 (UTC +04:00)

“Uşağım qan içində çabalayırdı” – Ananın FƏRYADI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, məhkəmə təqsirləndirilənin anası Seyidova Pəricahanın ifadəsi ilə davam edib. O təqsirləndirilənlərdən Əzizə Seyidovadan başqa heç kimi  tanımadığını deyib:

"Mən onlara gələndə uşağım qan içində çabalayırdı, 23 bıçaq zərbəsi vurulmuşdu ona. Onlar bir-birini sevib evlənmişdilər, qısqanclığa görə tez-tez mübahisələri olurdu".

Şahid Ayaz Seyidov hadisə baş verən günü evdə olduğunu bildirib:

"Biz qardaşım Əli ilə yaxın yaşayırdıq. Həmin gün axşam vaxtı idi, evdə idim. Səs-küy eşidib evdən küçəyə qaçdım, kimsəni görmədim".

Digər şahid Yaşar Seyidov təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlara layiq olduqları cəzanın verilməsini məhkəmədən istədi.

Şahid İmaməliyev İbrahim təqsirləndirilən şəxsləri tanımadığını bildirdi

"Martın 15-də Əlidən zəng gəldi ki, gedək şəhərə. Yolda dedi bibioğlunu da götürək, birlikdə gedək. Şəhərdə fırlanırdıq, gəzirdik. Yolda pivə filan  alıb içdik. Dedik gedək "Malikanə" restoranına. "Kirov" vağzalını keçəndə ona zəng gəldi. Bundan sonra Əli dedi  ki "Əmioğlu, gedirəm evə". Onu yola salıb uşaqlarla gəzirdik, qəfil xəbər gəldi ki, Əlini vurublar".

Növbəti məhkəmə prosesi digər şahidlərin iştirakının təmin olunmasına görə  3 noyabr saat  16:00-təyin edildi.

Xatırladaq ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə cəzalandırmaq istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Onu da qeyd edək ki,daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar