Sağlamlıq sahəsində bəzi məhsullar uzun müddət haqsız olaraq “zərərli” kimi təqdim olunub. Halbuki araşdırmalar onların əslində faydalı olduğunu göstərir. Dietoloqlar bu məhsullarla bağlı mifləri dağıdaraq onların qida rasionundakı əhəmiyyətini yenidən dəyərləndirməyi tövsiyə edirlər.
Lent.az bu 7 qidanı təqdim edir:
1. Yumurta
Uzun müddət yumurtanın yüksək yağ və xolesterin tərkibli olduğu və ürək sağlamlığına zərər verə biləcəyi düşünülürdü. Lakin dietoloq Aleksandra Lyuis bildirir ki, yumurtada olan yağ kritik səviyyədə deyil və bir hissəsi faydalıdır. Qidadakı xolesterin birbaşa qandakı xolesterin səviyyəsi ilə əlaqəli də deyil. Eyni zamanda yumurta zülal, vitamin və minerallarla zəngindir.
2. Dondurulmuş məhsullar
Meyvə və tərəvəzlər ən yetişmiş və qida dəyərinin ən yüksək olduğu anda sürətli şəkildə dondurulur. Bu isə onların vitamin və mineral baxımından maksimum fayda verməsinə imkan yaradır.
Dietoloqlar dondurulmuş tərəvəzləri buxarda bişirməyi, giləmeyvələri isə məsələn, yulaf sıyığına əlavə etməyi tövsiyə edir. Eyni zamanda tərəvəzləri duzlamaq əvəzinə ədviyyat və otlarla dadlandırmaq məsləhətdir.
3. Qəhvə
Qəhvənin orta miqdarda istifadəsi sağlamlıq üçün faydalıdır. Dietoloq Culianna Dyusnəpin sözlərinə görə, qəhvə B qrupu vitaminlərini ehtiva edir və 2-ci tip diabet riskinin azalması ilə əlaqələndirilir. Lakin fayda əldə etmək üçün onu şəkərsiz və qaymaqsız içmək tövsiyə olunur.
4. Karbohidratlar
Çörək, nişastalı tərəvəzlər və yulaf kimi məhsullar tez-tez “zərərli” hesab olunur. Lakin bu doğru deyil. Orqanizmin, xüsusilə beyin, böyrəklər və əzələlərin normal fəaliyyəti üçün karbohidratlar vacibdir. Bundan əlavə, karbohidratlar liflə zəngindir və bu da həzmin tənzimlənməsində və toxluq hissinin yaranmasında mühüm rol oynayır.
5. Qlüten
Qlüten əslində buğda, arpa və çovdarda olan zülaldır və zərərli hesab olunmur. Dietoloq Reyçel Keynin sözlərinə görə, yalnız çölyak xəstəliyi, buğda allergiyası və ya qlütenə qarşı dözümsüzlüyü olan insanlar üçün problem yarada bilər. Digər insanlar üçün isə tam taxıllı məhsullar olduqca faydalıdır.
6. Süd məhsulları
Süd məhsulları ümumilikdə sağlam hesab olunur. Onlar D vitamini, maqnezium və kalium kimi vacib maddələrlə yanaşı, yaxşı zülal mənbəyidir. Əksər dietoloqların fikrincə, bu məhsulların orta miqdarda istifadəsi arıqlamağa, əzələ kütləsinin artmasına və sümüklərin möhkəmlənməsinə kömək edir.
7. Konservləşdirilmiş meyvə və tərəvəzlər
Dietoloqlar bildirir ki, konserv məhsullar rasiona rahat əlavə oluna bilər və bəzi hallarda digər qəlyanaltılardan daha faydalıdır. Lakin çox duz və şəkər tərkibli variantlardan uzaq durmaq tövsiyə olunur.