Dondurucu bir çox insan üçün demək olar ki, möcüzə kimidir. Endirimdən məhsul alırsınız, dondurursunuz, bir ay sonra çıxarırsınız və hər şey sanki yenidir. Amma bu “möcüzənin” də sərhədləri var. Bəzi məhsullar dondurulduqdan sonra tamamilə dadını, görünüşünü və teksturasını itirir.
Lent.az bu 13 məhsulu təqdim edir:
Problem məhsulun təhlükəli hala gəlməsi deyil. Sadəcə tekstura, dad və görünüş o qədər dəyişir ki, sonda onu niyə korladığınızı anlamadan tullayırsınız. Səbəb çox sadədir su. Demək olar ki, hər məhsulun tərkibində nəm var. Dondurulanda su genişlənir və hüceyrə divarlarını içəridən dağıdır. Nəticədə əridildikdən sonra şirəli xiyar əvəzinə sulu yumşaq kütlə, xırtıldayan kahı əvəzinə isə solğun “parça” əldə edirsiniz.
1. Yarpaqlı göyərtilər və salatlar
Rukkola, ispanaq, aysberq kahısı kimi yarpaqlı məhsulların böyük hissəsi sudan ibarətdir. Dondurulduqdan sonra onlar yapışqan, yumşaq kütləyə çevrilir. Belə göyərtiləri salata əlavə etmək mümkün olmasa da, şorba, raqu və omlet kimi isti yeməklərdə istifadə etmək olar. Təzə göyərtilər yalnız formasını deyil, ətirini də itirir. Məsələn, reyhan və cəfərinin qoxusunu verən efir yağları donduqda zəifləyir. Əgər saxlamaq vacibdirsə, onları doğrayıb zeytun yağı ilə qarışdırmaq tövsiyə olunur.
2. Qabığında bütöv yumurta
Qabığı ilə birlikdə yumurtanı dondurucuya qoymaq böyük səhvdir. İçindəki maye genişləndiyi üçün qabıq çatlayır. Hətta zahirən salamat qalsa belə, əridildikdən sonra tekstura rezin kimi olur. Düzgün üsul: yumurtanı əvvəl çalın, hava keçirməyən qabda saxlayın və istifadədən əvvəl bir gecə soyuducuda əridin.
3. Mayonez, bezə, krem və yumurtalı souslar
Mayonez, beze (merinqa), krem və yumurta əsaslı souslar dondurulduqda qatlara ayrılır. Zərif krem əvəzinə sulu və dənəli kütlə yaranır.
4. Xama və yumşaq pendirlər
Xama, krem pendiri, rikotta və bri kimi yumşaq pendirlər dondurulduqda dənəli və qırıntılı olur. Çörəyə çəkmək üçün yararlı qalmasa da, piroq, soba yeməkləri və qratinlərdə istifadə etmək mümkündür.
5. Süd və yoqurt
Dondurulduqdan sonra süd və yoqurt laylara ayrılır, homogen teksturasını itirir. Onların sonrakı ən yaxşı istifadəsi smuzidir blender hər şeyi yenidən qarışdırır.
6. Xiyar
Xiyarın böyük hissəsi sudan ibarətdir. Dondurulduqdan sonra yumşaq, sulu və dadsız olur. Yalnız şorba püresi və souslarda istifadə etmək olar.
7. Çiy kartof
Çiy kartof dondurulduqda boz rəng alır və sulu olur. Əvvəlcədən azca bişirildikdə və ya blanş edildikdə daha yaxşı saxlanır.
8. Qarpız və sitrus meyvələri
Qarpız, portağal və digər sitruslar əridildikdən sonra formasını itirir. Ən yaxşı halda smuzi və desertlər üçün yararlı olur. Bunun əksinə olaraq, giləmeyvələr, şaftalı və alma dondurucuya yaxşı dözür.
9. Qızardılmış yeməklər
Qızardılmış toyuq, fri kartofu və pane edilmiş məhsullar dondurucuda nəmi udur və xırtıldayanlığını itirir. Onları bərpa etməyin ən yaxşı yolu air fryer (hava fritözü) və ya sobada yenidən qızdırmaqdır.
10. Bişmiş makaron
Hazır makaron suyu özünə çəkərək yumşaq sıyığa çevrilə bilər. Lazanya hazırlamaq istəyirsinizsə, makaronu tam bişirməyin bir qədər sərt saxlayın ki, yenidən qızdırıldıqda ideal vəziyyətə gəlsin.
11. Qazlı içkilər
Qazlı içkiləri dondurucuya qoymaq təhlükəlidir. Maye genişləndiyi üçün qab şişə və hətta partlaya bilər. Üstəlik qazlı strukturu pozulur və dadı dəyişir.
12. Su ilə zəngin meyvə və tərəvəzlər
Pomidor, kahı, kərəviz və digər yüksək sulu məhsullar əridildikdən sonra öz formasını və teksturasını itirir. Onlar yalnız sous, püre və isti yeməklərdə istifadə üçün uyğun qalır.
13. Kremli desertlər
Kremli tortlar, pudinqlər və yumşaq desertlər əridildikdən sonra teksturasını itirir, laylara ayrılır və ilkin dadını dəyişə bilər. Dondurucu çox faydalıdır, amma hər məhsul üçün uyğun deyil. Əsas qayda budur: tərkibində çox su olan, zərif teksturalı və emulsiyalı məhsullar dondurulduqda adətən keyfiyyətini itirir.