Dubay şokoladı ətrafında yaranan qlobal ajiotajdan təxminən bir il sonra yeni bir trend ortaya çıxıb və sürətlə populyarlaşır. Bu dəfə diqqət mərkəzində Cənubi Koreyada hazırlanan Dubai Chewy Cookie adlı çeynənən peçenyedir. TikTok və Instagram artıq bu desertlə bağlı videolarla doludur.
Lent.az xarici mediaya istinadla bu desertlə bağlı məlumat verir:
Desertin özəlliyi nədir?
Çeynənən peçenye nazik zefir qatının şokoladla örtülməsindən hazırlanır. İçərisində isə fıstıq kremi və kadaif yerləşir. Bu desert klassik dubay şokoladından daha çox moçi şirniyyatına bənzəyir. Onun teksturası çox yumşaqdır və çeynədikcə xoş hiss yaradır.
Sosial şəbəkələr trendi sürətlə yaydı
Bu desert ətrafındakı ajiotaj sosial şəbəkələrdə məşhurların onu nümayiş etdirməsindən sonra başlayıb. Daha sonra isə “Dubay peçenyesi” üçün xüsusi filtr belə yaradılıb və məşhurlar bu filtri istifadə edərək yeni desertə olan sevgilərini paylaşırlar.
Böyük növbələr və məhdud satış
Dubai Chewy Cookie çox məhdud sayda istehsal olunduğu üçün Cənubi Koreyada gənclər onu almaq üçün uzun növbələrə dayanırlar. Desertin hamıya çatması üçün mağazalar bir nəfərin ala biləcəyi sayda məhdudiyyət qoyur. Hətta müəyyən mağazalarda bu peçenyenin olub-olmadığını göstərən xüsusi xəritə də hazırlanıb. Hazırda desertin qiyməti bir ədəd üçün təxminən 3-6 avro arasında dəyişir.