“Dünyanın ən zəngin  pişiyi” mirasını ala bilmədi
04 iyun 2026 12:20 (UTC +04:00)

“Dünyanın ən zəngin pişiyi” mirasını ala bilmədi

0

Moda dünyasının ikonası Karl Lagerfeldin 2019-cu ildə vəfatından sonra 1,7 milyon avroluq mirasla “dünyanın ən zəngin pişiyi” kimi tanınan Choupettein əslində bu mirasdan bir qəpik belə ala bilmədiyi məlum olub. Lagerfeldin vəsiyyətinin yerinə yetirilməsi üçün bahalı vəkillər tutduğunu bildirən baxıcısı Françoise Caçote, pişiyin dəbdəbəli həyatını davam etdirə bilməsi üçün yarımştat işləməyə məcbur qaldığını deyərək hüquqi mübarizəyə başladığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ildə 85 yaşında vəfat edən Fransız moda nəhəngi "Chanel"in əfsanəvi kreativ direktoru Karl Lagerfeld arxasında yalnız moda dünyasını silkələyən dizaynlar deyil, çox danışılan bir vəsiyyət də qoymuşdu. O, təxminən 200 milyon avroluq şəxsi sərvətinin 1,7 milyon avrosunu çox sevdiyi Birman cinsli pişiyi "Choupette"ə ayırdığını bildirmişdi. Məqsədi göz bəbəyi kimi qoruduğu pişiyinin özündən sonra da dəbdəbəli həyat sürməsi idi. Lakin illər keçməsinə baxmayaraq, "Choupette"in bu mirasdan hələ də heç bir pay almadığı iddia edilir.

Bu iddianı gündəmə gətirən şəxs Lagerfeldin ölümündən sonra "Choupette"in qayğısına qalan uzun illərin xidmətçisi Françoise Caçote olub. O, “The Atlantic” jurnalına verdiyi müsahibədə mediada yayılan milyonlarla avroluq rəqəmlərə baxmayaraq, onlara heç bir ödəniş edilmədiyini bildirib.

Caçote deyib:

“Mirasımızı ala bilmək və Karlın istəklərinin lazımi şəkildə yerinə yetirilməsini təmin etmək üçün çox bahalı vəkillər tutmağa məcbur oldum. Hüquqi məsələlər həll olunana qədər, xüsusilə də "Choupette"in heç nədən məhrum olmaması və əvvəlki lüks həyat standartlarından geri qalmaması üçün əlimdən gələni edirəm. Bu, mənim həyatda ən böyük prioritetimdir. Ona baxmaqla yanaşı, onu dolandırmaq üçün hazırda yarımştat işləyirəm. Lazım olan sevgini, diqqəti və qayğını göstərirəm. Ümid edirik ki, vəziyyət bir gün sülh yolu ilə və ədalətli şəkildə həll olunacaq".

Karl Lagerfeld ilə mavi gözlü məşhur pişik "Choupette"in yolları 2011-ci ilin avqustunda kəsişmişdi. Pişik əvvəlcə model Baptiste "Giabiconi2yə məxsus idi və Lagerfeld yalnız modelin səfərdə olduğu müddətdə ona müvəqqəti baxmağa razılaşmışdı. Lakin Giabiconi tətilindən qayıdıb pişiyini geri almaq istəyəndə Lagerfeld ona aşiq olduğunu deyərək geri qaytarmaqdan imtina etmiş və sahiblənmişdi. Pişiyinə olan sevgisini hər fürsətdə dilə gətirən məşhur modelyer 2013-cü ildə verdiyi müsahibədə belə demişdi:

“İnsanlarla heyvanlar arasında hələ qanuni nikah yoxdur... Amma qanuni olsaydı, pişiyimlə evlənərdim. Bir pişiyə bu qədər güclü hisslərlə bağlana biləcəyimi heç düşünməzdim".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar