Kim istiyə  daha çox dözür?   Qadınlar, yoxsa kişilər?
07 iyul 2025 12:41 (UTC +04:00)

Kim istiyə daha çox dözür? Qadınlar, yoxsa kişilər?

Yay fəslinin gəlişi və havanın temperaturunun yüksəlməsi ilə bədən temperaturunun tənzimlənməsi məsələsi daha da aktuallaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bəzi insanlar istiyə asanlıqla dözür, digərləri isə qarşısıalınmaz yorğunluq, başgicəllənmə və narahatlıq hiss edirlər.

Görəsən, bu dözümlülük cinsdən asılıdırmı?

Tərləmə və maddələr mübadiləsi fərqləri

Bədənin soyumasının əsas mexanizmi tərləmədir. Tər dərinin səthindən buxarlanaraq artıq istiliyi bədəndən uzaqlaşdırır. Məhz bu prosesdə kişilərlə qadınlar arasında mühüm fərqlər yaranır.

Kişilərin adətən daha çox tər vəzisi olur və bədən temperaturu artmağa başlayan kimi onlar qadınlara nisbətən daha tez və intensiv tərləməyə başlayırlar. Bu da onların bədənini daha sürətli soyutmağa imkan verir.

Bundan əlavə, kişilərin bədən səthi daha geniş, əzələ kütləsi isə daha çox olur. Bu, fiziki aktivlik zamanı daha çox istilik yaranmasına səbəb olsa da, güclü tərləmə nəticəsində soyuma daha effektiv olur.

Qadınlarda isə tərləmə prosesi daha zəifdir. Amma onların orqanizmi suyu saxlama qabiliyyətinə daha yaxşı uyğunlaşır ki, bu da susuzluq şəraitində üstünlük yarada bilər.

Qadınların bədənində əzələyə nisbətən daha çox yağ toxuması olur ki, bu da istilik ötürülməsinə təsir göstərə bilər. Araşdırmalar göstərir ki, qadınlar istirahət vəziyyətində daha yüksək termal dözümlülüyə sahibdirlər, yəni onlar yüksək temperaturda bəzən daha az tərləklə də rahat hiss edə bilirlər, təbii ki, müəyyən həddə qədər.

Bu səbəbdən, aktiv soyuma tələb edən vəziyyətlərdə (məsələn, istidə intensiv idman zamanı) kişilər daha güclü tərləmə sayəsində üstünlük qazana bilər. Amma bu, eyni zamanda onların daha tez su itirməsi və tez-tez su balansını bərpa etməsinin vacibliyi deməkdir.

Hormonların rolu və orqanizmin uyğunlaşması

Tənzimləmə prosesində hormonların rolu da böyükdür. Qadınlarda estrogen hormonunun qan damarlarının və tər vəzilərinin fəaliyyətinə təsir etdiyi düşünülür, bu da qadın orqanizminə istirahət vəziyyətində əlavə istilik dözümlülüyü verə bilər. Amma bədən temperaturu sürətlə artdıqda, kişilərdəki aktiv tərləmə sistemi daha effektiv işləyir.

Kişilərdə testosteron yüksək maddələr mübadiləsi və əzələ kütləsi ilə əlaqəlidir, bu da daha çox istilik əmələ gətirir, lakin eyni zamanda aktiv tərləməni də stimullaşdırır. İnsan orqanizmi istiyə uyğunlaşma qabiliyyətinə malikdir. Bu prosesi akklimatizasiya adlandırırlar. Yüksək temperaturun təsirinə davamlı məruz qaldıqda həm kişilər, həm də qadınlar bədən temperaturunu daha effektiv şəkildə tənzimləməyi öyrənirlər. Bu uyğunlaşma prosesi qan plazmasının həcminin artması, dəridə qan dövranının yaxşılaşması və tərləmə qabiliyyətinin yüksəlməsi ilə müşayiət olunur.

Araşdırmalar göstərir ki, kişilər istiyə qadınlardan daha tez uyğunlaşırlar. Bu da onların fiziki yük zamanı ekstremal temperaturlara daha dözümlü olmasını izah edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar