Soyuducunun üzərinə  maqnit yapışdırılması   təhlükəlidir?
19 oktyabr 2026 13:55 (UTC +04:00)

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

0

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə maqnitlər insan sağlamlığı üçün təhlükə yaratmır. Bununla belə, xüsusilə sensor ekranla təchiz olunan müasir soyuducularda maqnit sahəsi müəyyən problemlərə səbəb ola bilər. Bildirilir ki, sensor ekranlı bəzi soyuducular maqnit sahəsinə daha həssasdır.

Maqnitlərin uzun müddət cihazın müəyyən hissələrinin yaxınlığında saxlanılması elektron sistemlərə mənfi təsir göstərə bilər. Müqayisə üçün qeyd olunur ki, 2021-ci ildə “Apple” şirkəti iPhone 12 modellərində yerləşdirilən maqnitlərin bəzi tibbi cihazların, o cümlədən ürək stimulyatorları və defibrilyatorların fəaliyyətinə müdaxilə edə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bununla yanaşı, mütəxəssislər köhnə tipli soyuducular üçün narahat olmağa ciddi əsas olmadığını bildirirlər. Cenevrə Universitetinin kimya və fizika sahəsi üzrə əməkdaşının sözlərinə görə, adi soyuducu maqnitləri kifayət qədər güclü deyil ki, köhnə tipli soyuduculara hər hansı ciddi zərər vursun.

Belə soyuducularda maqnitlə təmas zamanı cihazın işinə mənfi təsir göstərə biləcək həssas elektron hissələr olmur. Onların iş prinsipi əsasən istilik nasosu sisteminə söykəndiyindən kiçik ölçülü maqnitlər normal fəaliyyətə mane olmur. Bundan başqa, soyuducuların üzərinə vurulan kiçik suvenir maqnitlərinin gücü cihazın daxilində yerləşən elektron hissələrə qədər nüfuz etməyə adətən kifayət etmir. Mütəxəssislər bunu sadə üsulla izah edirlər.

Soyuducu qapısının digər tərəfinə kiçik metal əşya qoyularsa, onun maqnitə yapışmaq əvəzinə yerə düşməsi daha ehtimal olunur. Bu da maqnit sahəsinin nə qədər zəif olduğunu göstərir.

Beləliklə, adi və köhnə tipli soyuducularda kiçik suvenir maqnitləri əsasən təhlükə yaratmır. Lakin sensor ekranlı və daha mürəkkəb elektron sistemə malik yeni nəsil soyuducularda ehtiyatlı olmaq və istehsalçının tövsiyələrini nəzərə almaq daha məqsədəuyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar