Kamal Abdullaya təbrik paketi və xatirə hədiyyəsi verilib
16 fevral 2011 18:23 (UTC +04:00)

Kamal Abdullaya təbrik paketi və xatirə hədiyyəsi verilib

Bu gün Mətbuat Şurasında Bakı Slavyan Universitetinin rektoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü professor Kamal Abdullanın 60 illik yubileyi münasibətilə mərasim keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbirdə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimai xadimlər iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Kamal Abdulla 215 məqalə, tezis, esse, ön söz, rəy, elmi söhbətin, onlarca şerin, hekayənin, pyesin, romanın, xarici dillərdən tərcümələrin müəllifidir: “Kamal müəllim Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən aktiv tərəfdaşlarımızdandır. Ölkə jurnalistlərinin üç qurultayında jurnalistlər ona etimad göstəriblər. Şuranın elə təşəbbüsü olmayıb ki, hərtərəfli dəstək göstərməsin. Təkcə kütləvi informasiya vasitələrinin dili ilə bağlı məsələləri qeyd etmək istərdim. Bu mövzuda ilk ümumrespublika konfransının fəal təşkilatçılarından olub. Tədbir məhz Bakı Slavyan Universitetində keçirilib. Bütün bunlar Kamal Abdulla yaradıcılığının media ilə bağlı tərəflərindən söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar verir”. Əflatun Amaşov Kamal Abdullaya Mətbuat Şurasının təbrik paketini və xatirə hədiyyəsini təqdim edib.


Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Kamal Abdullanın müxtəlif sahələrdə söz sahibi olduğunu və fəaliyyətinin örnək səciyyə daşıdığını vurğulayıb: “İstər elmi, istər ictimai-siyasi, istərsə də hansısa digər sahədə o, böyük söz sahibidir. Yaradıcı şəxs üçün belə statusa yiyələnmək misilsiz dividentdir və hər kəsə nəsib olmur”.

Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas K.Abdullanı Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən ziyalılardan biri kimi xarakterizə edib. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli Kamal Abdullanın əsərlərinin bütün dünyada maraqla oxunduğuna diqqət çəkib: “Bəzən deyirlər ki, Azərbaycan ədəbiyyatı dünyaya çıxmır. Bu, hansısa mənada doğru deyimdir. Çünki doğrudan da o səviyyəyə çatmaq lazımdır. Amma bu gün Kamal müəllimin timsalında əsərləri dünyada oxunan, böyük rezonans doğuran bir həmvətənimiz, gözəl ziyalımız var. O, qorqudşünaslıqda böyük söz sahibidir. Dünyada elə bir tədqiqatçı tapılmaz ki, “Kitabi Dədə Qorqud”la bağlı nə isə ortaya qoymaq istəyərkən Kamal müəllimin yaradıcılığına üz tutmasın. Kamal Abdulla ictimai fikrə əsaslı təsir göstərən ziyalılardan biridir.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib ki, Kamal Abdullanı xarakterizə edən ən mühüm xüsusiyyət onun səmimiliyi, dostluğa, yoldaşlığa sədaqətidir. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Kamal Abdullanı xarakterizə edən ən mühüm cəhətlərdən biri kimi quruculuğu və novatorluğu vurğulayıb: “O, adı universitetinin tarixinə qızıl hərflərlə yazılmalı olan rəhbərdir. Mətbuat Şurasındakı diskussiyalarımızın başlıca mövzusu isə müasir jurnalistika necə olmalıdır deyimi üzərində qurulur. Məsələlərə münasibətdə prinsipial mövqeyi dərin təəssübkeşlik hissindən qaynaqlanır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bakı Slavyan Universitetində jurnalistika fakültəsinin yaradılmasını Kamal Abdullanın media sahəsindəki xidmətlərindən biri kimi önə çəkib: “Bu olduqca böyük işdir. Bildiyimə görə, ali məktəblərdə jurnalistika fakültələri azdır. Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində slavyan dilli ölkələrin dili ilə peşəkar jurnalistika bir növ, sintezdə götürülür. Eyni zamanda həmin ölkələrin mövcud sahədəki qabaqcıl təcrübəsi tədris edilir. Əlbəttə, bu istiqamətdəki işi qurmaq və belə desək, relsə salmaq böyük zəhmət tələb edir. Kamal müəllim öz novatorluğu ilə bunu etməyi bacarıb”.

MŞ İdarə Heyətinin üzvü «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Kamal Abdullanın Azərbaycan elmindəki xidmətlərindən danışıb. “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib ki, Kamal Abdulla şəxsiyyətinin formalaşmasında onun uşaqlıqdan əhatə edən mühit də mühüm rol oynayıb. Bu sırada Kamal müəllimin dayısı, görkəmli alim Əli Sultanlının da adı xüsusi anılıb: “Mən hesab edirəm ki, bu bünövrə üzərindəki uğurlarda başlıca rolu Kamal Abdulla zəhmətsevərliyi oynayıb. Kamal müəllim zəhməti sevən, ona dəyər verən insandır”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Assa-irada” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov, tələbə yoldaşları adından çıxış edən Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə və başqaları Kamal Abdullanı ziyalı, alim, pedaqoq və publisist kimi dəyərləndiriblər.
# 814

Oxşar yazılar