Nizami Kino Mərkəzində Baku TV-nin istehsal etdiyi “Söz” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Lent.az xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri iştirak ediblər.
Film 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran işində Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsini təsvir edir.
Qeyd edək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.
“Söz” beynəlxalq uğurlar da qazanıb. Belə ki, film Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafat qazanıb. Ekran əsəri, həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.
Xatırladaq ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən nüfuzlu 25 film festivalından biridir. 21 illik tarixində festivalda dünyanın məhur aktyorları, prodüserləri, rejissorları və ssenaristləri mükafatlandırıblar. Mükafatçılar arasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi və Erik Roberts kimi məşhur şəxslər var.