Restoranların kartof fri və burgerlərinə  əlavə etdiyi "gizli" inqrediyent nədir?
22 iyun 2026 11:44 (UTC +04:00)

Restoranların kartof fri və burgerlərinə əlavə etdiyi "gizli" inqrediyent nədir?

0

Son vaxtlar restoranlarda və fast-food məkanlarında hazırlanan kartof fri, burger və steyklərin özünəməxsus dadının sirri yenidən populyarlıq qazanan bir məhsulla əlaqələndirilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, söhbət mal piyindən gedir. Yüksək temperatura davamlı olması və yeməklərə fərqli dad verməsi səbəbindən bu yağ yenidən mətbəxlərdə geniş istifadə olunmağa başlayıb.

Mal piyi nədir?

Mal piyi iribuynuzlu heyvanlardan əldə edilən təmizlənmiş heyvan yağıdır. Adətən heyvanın daxili orqanlarını əhatə edən piydən hazırlanır. Yağ yavaş-yavaş əridilir, süzülür və soyudulur.

Soyuduqdan sonra otaq temperaturunda bərk hal alır, ağımtıl və ya açıq sarı rəngdə olur və demək olar ki, qoxusuz olur. Onun ərimə temperaturu təxminən 40-48 dərəcə, tüstülənmə temperaturu isə 250 dərəcədir. Məhz bu xüsusiyyətlərinə görə mal piyi yüksək temperaturda qızartma üçün əlverişli hesab olunur.

Niyə kartof fri məhz mal piyində qızardılır?

Mal piyində hazırlanan kartof fri fərqli dadı ilə seçilir. Bu yağ kartofun üzərində daha xırtıldayan qabıq əmələ gətirir, yeməyə daha zəngin ətir və yüngül ət dadı verir. Elə buna görə də bəzi fast-food şəbəkələri və Amerika mətbəxi təqdim edən restoranlar kartof fri, burger və steyklərin hazırlanmasında mal piyindən istifadə edirlər.

Aşpazlar isə onu qızdırılarkən sabit qalmasına və yeməyin dadını daha yaxşı vurğulamasına görə qiymətləndirirlər.

Mal piyi faydalıdırmı?

Mal piyinin tərkibində A, D, E və K vitaminləri, həmçinin stearin turşusu və tək doymamış yağ turşuları var. Onun tərkibinin təxminən 35-45 faizini zeytun yağında da olan olein turşusu təşkil edir. Bununla belə, mütəxəssislər mal piyinin zeytun yağını tam əvəz edə biləcəyini düşünmürlər. Çünki onun tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir.

Hər 100 qram məhsulda təxminən 49-52 qram doymuş yağ mövcuddur. Bu cür yağların həddindən artıq qəbulu ürək-damar xəstəliklərinin yaranma riskini artıra bilər. Məhz buna görə dietoloqlar mal piyindən yalnız bəzi yeməklərin hazırlanmasında istifadə etməyi, lakin onu gündəlik rasionun əsas yağ mənbəyinə çevirməməyi tövsiyə edirlər.

Qida dəyəri

100 qram mal piyində təxminən 900 kilokalori var və məhsul demək olar ki, tamamilə yağdan ibarətdir.

Əsas göstəricilər:

Ümumi yağ - 100 qram

Doymuş yağlar - təxminən 49-52 qram

Tək doymamış yağlar - təxminən 40-45 qram

Çox doymamış yağlar - təxminən 3-5 qram

Tərkibində əsasən stearin, palmitin və olein yağ turşuları mövcuddur.

Niyə yenidən populyarlaşıb?

Mal piyinin yenidən gündəmə gəlməsi təbii və az emal olunmuş məhsullara marağın artması ilə əlaqələndirilir. Sosial şəbəkələrdə steyk, kartof fri və digər yeməklərin mal piyində hazırlanmasını göstərən videolar sürətlə yayılır. ABŞ-da mal piyi son illərin ən diqqətçəkən kulinariya trendlərindən birinə çevrilib.

Onun populyarlığının artmasına bəzi istehlakçıların yüksək dərəcədə emal olunmuş məhsullara və trans yağlara qarşı ehtiyatlı münasibəti də təsir göstərir. Bununla belə, dietoloqlar bir daha vurğulayırlar ki, mal piyinin kulinariya baxımından üstünlükləri olsa da, ondan yalnız ölçülü şəkildə istifadə etmək lazımdır. O, digər bütün yağların əvəzi deyil və sağlam qidalanmada balans əsas prinsip olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar