Bir çox insan kahı və digər yaşıl salat yarpaqlarını soyuducuda düzgün saxlamadığı üçün onlar tez solur, yumşalır və ya xarab olur. Qidalanma üzrə mütəxəssis isə salatın təzəliyini daha uzun müddət qorumağa kömək edən sadə bir üsuldan danışıb.
Lent.az bu üsulu təqdim edir:
Salat niyə tez xarab olur?
Mütəxəssislərin sözlərinə görə, salat yarpaqlarının üzərində onları qoruyan təbii qat mövcuddur. Düzgün saxlanmadıqda yarpaqlar ya həddindən artıq nəm itirir, ya da artıq rütubət toplayır. Bu isə onların solmasına, selikli hala düşməsinə və hətta kif əmələ gəlməsinə səbəb olur.
Salatı daha uzun müddət təzə saxlamaq üçün nə etmək lazımdır?
Qidalanma üzrə mütəxəssis və kulinariya kitablarının müəllifi Laura Fuentes salatı saxlamazdan əvvəl ağ sirkə və soyuq su qarışığında yumağı tövsiyə edir.
Bunun üçün:
1 hissə ağ sirkə,
3 hissə soyuq su
qarışdırılır və salat yarpaqları bu məhlulda təxminən 3 dəqiqə saxlanılır. Mütəxəssis xəbərdarlıq edir ki, yarpaqları məhlulda 5 dəqiqədən artıq saxlamaq olmaz. Əks halda salatda sirkə dadı yarana bilər.
Ağ sirkə nə üçün faydalıdır?
Ağ sirkənin tərkibində olan sirkə turşusu antimikrob xüsusiyyətlərə malikdir. Bu maddə yarpaqların üzərindəki çirk və bakteriyaların təmizlənməsinə kömək edir və onların daha uzun müddət təzə qalmasını təmin edir.
Kağız dəsmalın gizli rolu
Yuyulduqdan sonra salat yarpaqları tam qurudulmalıdır. Bunun üçün xüsusi quruducudan və ya təmiz mətbəx dəsmalından istifadə etmək olar. Daha sonra yarpaqları qapaqlı konteynerə və ya kilidli paketə yerləşdirərək içinə bir ədəd kağız dəsmal qoymaq tövsiyə olunur. Kağız dəsmal saxlanma zamanı yaranan artıq nəmi özünə çəkir və yarpaqların xarab olmasının qarşısını alır.
Salat nə qədər təzə qala bilər?
Laura Fuentesin sözlərinə görə, bu üsul tətbiq olunduqda salat yarpaqları iki həftəyə qədər təzə və xırtıldayan qala bilər. Bu da məhsulun daha uzun müddət istifadə olunmasına və ərzaq israfının azalmasına kömək edir.
Düzgün saxlanmayan digər tərəvəzlər kimi kartof da qısa müddətdə cücərə və ya çürüyə bilər. Buna görə tərəvəzlərin saxlanma qaydalarına riayət etmək vacibdir.