Toyuq əti həm böyüklərin, həm də uşaqların sevdiyi, zülalla zəngin qidalardan biridir. Lakin bəzən bişirildikdən sonra quru, sərt və dadsız alına bilər. Mütəxəssislərin fikrincə, bunun qarşısını almağın ən yaxşı yolu düzgün marinaddan istifadə etməkdir.
Lent.az bu resepti təqdim edir:
Sirkə, sitrus meyvələri və ya soya sousu əsasında hazırlanan müxtəlif marinad növləri mövcuddur. Lakin qatıq digərlərindən daha üstün hesab olunur. Mütəxəssislər bildirirlər ki, qatığın tərkibindəki süd turşusu ətin liflərini daha yumşaq şəkildə təsirləndirir. Sirkə və sitrus turşuları zülalları daha tez parçalayır və buna görə də belə marinadlarda toyuğu 8 saatdan artıq saxlamaq tövsiyə edilmir. Süd turşusu isə fərqli təsir göstərir. Bu səbəbdən toyuq əti qatıqda daha uzun müddət marinad oluna bilər və nəticədə daha dadlı alınır. Molekulyar bioloq və müəllif Nik Şarma apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, süd turşusu ətin daha çox su qəbul etməsinə və bişirmə zamanı həmin suyu özündə saxlamasına kömək edir. Bu isə toyuq ətinin daha şirəli olmasını təmin edir.
Toyuq əti qatıqla necə marinad edilməlidir?
Yaxın Şərq və Aralıq dənizi mətbəxlərində qatıqdan ət marinadı kimi əsrlərdir istifadə olunur.
Marinad hazırlamaq üçün cəmi iki inqrediyent kifayətdir:
adi qatıq;
duz.
İstəyə görə limon suyu, sarımsaq, müxtəlif ədviyyatlar və ya acı bibər də əlavə etmək olar. Mütəxəssislərin tövsiyəsinə görə, yarım stəkan qatığa ən azı yarım çay qaşığı duz əlavə edilməlidir. Bütöv bir toyuğu tam örtmək üçün isə təxminən iki stəkan qatıq kifayət edir. Hazırlanmış marinada toyuq əti əlavə edilir və hər tərəfinin yaxşı örtülməsi təmin olunur. Daha sonra soyuducuda saxlanılır. Toyuq əti ən azı bir saat marinad edilməlidir. Lakin ideal nəticə üçün onu 8 saat, hətta bir gecə soyuducuda saxlamaq tövsiyə olunur. Bişirməzdən əvvəl ət marinaddan çıxarılır, artıq mayenin süzülməsinə imkan verilir. Daha sonra yağlanmış manqalda və ya sobada yağlanmış soba qabında bişirilə bilər.