Ebola   sürətlə yayılır - Ölənlərin sayı 2 600-ü keçdi
26 avqust 2026 14:40 (UTC +04:00)

Ebola sürətlə yayılır - Ölənlərin sayı 2 600-ü keçdi

0

Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə genişlənir. Mütəxəssislər yoluxanların həqiqi sayının rəsmi göstəricilərdən təxminən üç dəfə çox ola biləcəyini bildirirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin avqustun 22-nə olan məlumatına əsasən, ölkədə 5 514 yoluxma və 2 642 ölüm faktı təsdiqlənib. Lakin səhiyyə qurumlarının hesablamalarına görə, yoluxmaların yalnız 30-40 faizi aşkarlanır. 

BMT-nin Ebola üzrə baş koordinatoru Julyen Harneys bildirib ki, ölüm hallarının yarısı son 20 gündə qeydə alınıb. Onun sözlərinə görə, ölkənin şimal və şərq bölgələrində epidemiya həndəsi silsilə ilə artır və virusla mübarizə tədbirlərini qabaqlayır. 

Əsas problemlərdən biri yoluxanlarla təmasda olmuş şəxslərin izlənilməsinin zəif aparılmasıdır. Xəstələrin 10 faizindən də azı əvvəlcədən nəzarətdə saxlanılan təmas qrupları arasında müəyyən edilir. Mütəxəssislərə görə, epidemiyanın nəzarət altında hesab edilməsi üçün bu göstərici 90-95 faizə çatmalıdır.

Virusun hələ fevral ayında mədən şəhəri Monqbaluda yayılmağa başladığı ehtimal edilir. Buna baxmayaraq, ölkə hakimiyyəti epidemiyanı yalnız mayın 15-də rəsmən elan edib.

Ebola ilə mübarizəyə silahlı qarşıdurmalar, zəif sanitariya şəraiti və infrastruktur problemləri də mane olur. Əhalinin bir hissəsinin səhiyyə sisteminə etibar etməməsi, xəstəlik barədə yanlış məlumatların yayılması və bəzi insanların xəstəxanaya müraciət etməkdən qorxması vəziyyəti daha da ağırlaşdırır.

Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşları Konqoya beynəlxalq ehtiyatlardan 70 min doza “Ervebo” peyvəndi ayırıb. Onların 20 mini klinik sınaq, 50 mini isə tibb və digər ön xətt əməkdaşları üçün nəzərdə tutulub. Peyvəndin hazırkı epidemiyaya səbəb olan Bundibugyo virusuna qarşı insanlarda effektivliyi hələ təsdiqlənməyib. İlkin laboratoriya və heyvan təcrübələri müəyyən qoruyucu təsirin ola biləcəyini göstərir. 

Epidemiya indiki sürətlə davam edərsə, 2014-2016-cı illərdə Qərbi Afrikada 11 mindən çox insanın ölümünə səbəb olan Ebola epidemiyasını ötə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar