Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir.
Lent.az xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkildə tıxaya bilər, nəticədə qanın normal axını pozulur. Tromb aşağıdakı hissələrdən ibarət ola bilər: eritrositlər, leykositlər, trombositlər, fibrin və plazma. Qanın damarlarda, xüsusilə venalarda axını daha yavaş olduğu üçün tromblar daha çox məhz orada yaranır.
Dünyada hər 4 nəfərdən biri trombozla əlaqəli vəziyyətlər səbəbindən həyatını itirir. Dərin vena trombozu və ağciyər arteriyasının tromboemboliyası təhlükəli və potensial ölümcül tibbi hallardır.
Narahatedici simptomlar
Əl və ya ayaqlarda şişkinlik
Dərin vena trombozu zamanı qol və ya ayaq şişə bilər, rəngi dəyişə və toxunduqda isti hiss oluna bilər. Qanın durğunluğu səbəbindən dəridə bənövşəyi çalar da yarana bilər.
Bu xüsusiyyətlərə diqqət edin:
Şişkinlik qəfil yaranır və ya əvvəlkindən daha güclü olur
Gün ərzində davam edir
Ətrafı qaldırdıqda azalmaz
Ağrı
Səbəbi bilinməyən qəfil ağrı (məsələn, ayaqda sancı və ya qıc olmasına bənzər hiss) tromboz əlaməti ola bilər. Amma ağrı yalnız bir neçə saniyə davam edirsə və təkrarlanmırsa, bu, çox güman ki, tromb deyil.
Varikoz damarlarda dəyişikliklər
Əgər sizdə varikoz varsa, dərin vena trombozunun əlamətləri bunlar ola bilər:
Uzandıqda və ya ayağı qaldırdıqda çəkilməyən, qabarmış damar
Birdən-birə sərtləşmiş damar
Damar ətrafında dərinin qızarması və ağrılı olması
Nəfəs darlığı
Tromb zamanı nəfəs darlığı saatlarla və ya günlərlə davam edə bilər.
Əgər nəfəs almaqda çətinlik yalnız bir neçə saniyə çəkib tez keçirsə, bu, böyük ehtimalla tromb deyil.
Sinə ağrısı
Sinə ağrısı təkcə ürək problemlərini deyil, həm də ağciyər arteriyasının tromboemboliyasını göstərə bilər. Bu ağrı davamlı ola bilər və ya dərin nəfəs alarkən yaranar.
Qanlı öskürək
Ağciyər tromboemboliyasının digər əlaməti qanlı öskürəkdir. Bu zaman bəlğəmdə nəzərə çarpacaq dərəcədə qan olur.
Ürək döyüntüsünün sürətlənməsi
Ağciyər tromboemboliyası zamanı ürək vəziyyəti kompensasiya etmək üçün daha sürətli və güclü işləməyə başlayır. Ürək döyüntüsü, titrəmə və ya ritm pozuntusu hissi ürəyin qanı ağciyərlərdən keçirmək üçün daha çox işlədiyini göstərə bilər.
Aşağı qan təzyiqi
Əgər ürək uzun müddət sürətli döyünərsə, arterial təzyiq düşə bilər və orqanizmin oksigenlə təmin olunması pisləşə bilər.