"Cənnətə adam göndərə bilmirəm ki, görüm, Mehman necədir" - ŞƏHİD ƏMANƏTİ
15 mart 2022 20:15 (UTC +04:00)

"Cənnətə adam göndərə bilmirəm ki, görüm, Mehman necədir" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Şirvanov Mehman Mirəziz oğlu haqqındadır.

Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn edilib.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Qarabağ" ordeni, "Vətən uğrunda" və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Sükutun səsi...

Qapıdan içəri girəndə, yenə eyni mənzərə ilə qarşılaşdım. Sükutdan qulaq tutulan, divarları tənhalıqdan üstünə gələn otaqlar, çarpayıda mışıl-mışıl uyuyan dünyadan xəbərsiz körpə, dərddən, kədərdən, sevdiyi insanın yoxluğundan həsrət çəkən solğun, qansız, bət-bənizi ağarmış qadın sifəti, tənhalıqdan əriyib çöpə dönən şəhid xanımı. 

İkinci Qarabağ müharibəsində şəhid olan Şirvanov Mehmanın həyat yoldaşı Arzu xanımla masa arxasına keçmək istəyəndə, onun üç yaşlı qızı yuxudan ayılır. Çarpayıdan qalxıb anasının qucağına sığınır. Arzu bir əli ilə qızına layla çala-çala Mehman haqqında xatirələrini yada salmağa başlayır:

- Biz Mehmanla qohum olmuşuq. Mehman məni uzaq qohumlarından birinin toyunda görüb. Onunla mənim aramda on bir yaş fərq var. Bizim aramızda elə böyük sevgi olmayıb. Çünki tanışlıqla ailə qurmuşuq. Amma ailə qurandan sonra bir-birimizə çox bağlı olmuşuq, hörmət qoymuşuq. Zabit həyatı çox çətin olur. Biz də o çətin yolu keçmişik. Xidmət dövründə onu hara təyin ediblərsə, mən də onunla birgə getmişəm. Dağlarda da, postlara yaxın ərazilərdə də onunla qalmışam. Ən çox çətinliyimiz Naxçıvanda yaşadığımız zaman olub. Amma həm də ən gözəl günlərimiz orda keçib. Mənim ən gözəl dostlarım orda qaldı. Oranın insanlarına çox güvənmişəm. 

- Arzu xanım, Mehman necə insan, necə həyat yoldaşı idi?

- Çox gözəl. Həm işində, həm ailəsində yaxşı idi. O, özündən başqa demək olar ki, hamını düşünürdü. Ata, anasına, bacı qardaşına hər zaman əl tutan, onlara kömək edən oğul idi. Onlar ailədə yeddi uşaq olublar. İki qardaş, beş bacı. Bacıları bu gün də onun necə yaxşı qardaş olmasını ürəklə deyirlər. Mənə də o qədər qayğı ilə yanaşıb ki, bunları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bizim düz səkkiz il övladımız olmayıb. Bir dəfə də olsun, bunu mənə eyham etməyib. Həmişə mənə deyərdi ki, Arzu, mənə sən lazımsan! Deyirdi, Arzu, biz uşaq üçün evlənməmişik. Əgər Allah qismət edərsə, övladımız olar. Olmaz da, özümüz özümüzə bəs edərik. 

Həsrət...

- Ürəkdən deyirdi?

- Hə. O, heç vaxt könülsüz söz danışmaz, iş görməzdi. Mən tez-tez deyirdim ki, əgər uşağımız olmasa, özüm gedəcəm. Mənə deyirdi, onda övladımızın olmamağı mənimlə bağlı olsaydı, sən belə düşünərdin, ki, mən gedim? Mən səni heç vaxt qoymaram ki, evdən gedəsən. Yəni mənə qarşı həmişə sədaqətli, mərhəmətli olub. Səkkiz ildə mənə həm övlad, həm həyat yoldaşı sevgisini verib. Artıq bir il altı aydır ki, onsuz yaşayıram. Amma hələ də inana bilmirəm ki, onsuz necə yaşayıram, onsuz necə qaldım. Mən ondan bir gün xəbər almasaydım, hər kəsi ayağa qaldırardım ki, Mehman hardadı, niyə mənə zəng vurmur? İndi cənnətə adam göndərə bilmirəm ki, görüm, Mehman necədir. 

 

Biz söhbət etdikcə, Mehmanın balaca, üç yaşlı qızı Nuray anasının yanında fırlanır. Gah diqqətlə bizə baxır, sonra söhbətin divarda şəkillərdən baxan adamdan getdiyini hiss edib, diqqətlə şəkillərə baxır. Qəfildən əlindəki telefonu yerə atıb Mehmanın ən böyük portretlərindən birinə yaxınlaşır, əli ilə atasının şəklinə toxunur, dodaqaltı nələrsə mızıldanır. Onun hərəkətlərinin fonunda Arzu davam edir:

- Sizə bir söz də deyim ki, Mehman şəhid olacağını bilirdi. Son yeddi ayda evə gəlmirdi. Karantinə görə hərbçiləri çox buraxmırdılar. Sonuncu dəfə 2020-ci ilin yanvar ayında gəldi. General Polad Həşimov onun komandiri olmuşdu. Sonuncu dəfə gələndə, gördüm ki, generalın ölümü ona çox pis təsir edib. Halbuki ona qədər də Mehmanın yaxından tanıdığı zabitlər şəhid olmuş, həyatlarını itmişdilər. Amma Polad Həşimovun ölümünü başqa cür yaşadı. Deyirdi, onun ölümü bizim üçün çox böyük itkidir. Sonra atası və dost ilə anasının məzarını ziyarətə gedəndə, ora şəhid gətiriblər. O, görüb ki, şəhid qohumlarından kiminsə yanında dəfn olunub. Deyib, şəhid üçün məscidin yanındakı boş ərazi saxlanmalıdır ki, insanlar məsciddən çıxanda, onları ziyarət edib getsinlər. Evə gələndən sonra isə bacısına deyib ki, mənim də şəkillərim Polad Həşimov kimi hər yerə vurulacaq. Mən şəhid olacam. Amma mənə heç nə deməmişdi, bilmirəm yuxusunu görmüşdü. Amma qardaşına da deyib ki, mənə nə isə olsa, özünü itirmə, möhkəm ol. 

İntizam...

- Hərbçilər adətən evdə də çox sərt, nizam intizamlı olurlar. Mehman evdə sərt idi?

- Hərdən mən ona deyirdim ki, Mehman, mən sənin əsgərin deyiləm. Hərdən mənimlə zarafat edirdi, deyirdi, get, mənə çay gətir. Tez ol, qaça-qaça get (gülür). Mən də deyirdim, baş üstə komandir. Hərdən onun papağını götürüb başıma qoyardım, kürkünü geyinərdim. Nuray anadan olana qədər mən onun çəkmələrinin ipini əyilib özüm bağlayardım. Biz bir-birimizi dəlicəsinə sevməmişik. Amma ailə qurandan sonra hər şeyin ən gözəlini yaşamışıq. On ildə mənə otuz ilin sevgisini verib. Mən indi arxaya baxanda düşünmürəm ki, nəyisə yaşamadım. Gəzməyə aparardı hər yerə. Hər şeyin ən yaxşısını mənə və özünə alıb geyindirərdi. Özünü çox sevirdi. İşində çox məsuliyyətli, idi. Hamı onun intizamından, tələbkarlığından danışırdı. 

Son dəfə...

Mehman ailəsini çox sevməklə yanaşı, həm də vətənini çox sevib. İyirimi illik hərbi müddəti başa çatsa da, təqaüdə çıxmaq imkanı olsa da, bunu etmir. Arzunu israrlarına rəğmən ona deyir ki, yox, mənim indi təqaüd vaxtım deyil, vətən dardadı:

- Mən ona bu barədə çox israr elədim. Razı olmadı. Dedi, mən belə vaxtda təqaüdə çıxsam, deyərlər, qorxub qaçdı. Mən ona güc gələ bilmədim. Mehmanın son gəlişi mənim heç vaxt yadımdan çıxmır. Elə bil çox pərt idi. Həmişəki kimi deyildi. Nuray bir yaş on aylıq idi. Sentyabrın 2-də Mehman evdən getdi. Son dəfə gələndə görürdüm ki, Nuraya başqa cür, sanki həsrətlə baxır. Qapıdan çıxanda, Nuray onu nə qədər çağırsa da, arxasına baxmadan getdi. Amma mən hiss etdim ki, onun gözləri doldu. Biz o zaman artıq bilirdik ki, cəbhədə vəziyyət yaxşı deyil. Onda ondan soruşdum ki, vəziyyət nə yerdədi, niyə bu qədər kefsizsən? Dedi, nə bilirsən odur. O, işi haqqında danışmağı sevməzdi. Amma son dəfə gələndə, başqa Mehman idi. Elə bil üzünə də nur gəlmişdi, hədsiz mehriban olmuşdu. Evdən gedəndə, mənə dedi, hər şey yaxşı olacaq, narahat olma. Ancaq sözünü tutmadı...

Şəhid olan günü də günortaya qədər mənə zəng vurmadı, özüm zəng vuranda da açmadı. Onda bildim ki, nə isə olub. Elə də oldu da. Müharibənin ilk şəhidlərindən biri oldu. Mehman bir də evə bayrağa bükülü gəldi. Mən sonradan bildim ki, səhər sübh namazını qılandan sonra atası ilə danışıb, ona deyib, telefonum sınıb, özüm də bir həftəlik təlimə gedirəm. Bundan bir neçə saat sonra da Murovda gizirini xilas edərkən şəhid olub. 

Vida...

Mehmanın şəhid olma xəbərini ailədə, qohum əqrəbada ən gec bilənlərdən bir Arzu olur. Hər kəs bu ağır xəbəri eşitsə də, ona deməyə, çatdırmağa ürək etmir. Anası ona deyir ki, rayonda baban rəhmətə gedib, gəl. Arzu deyir ki, bu sözə əvvəl-əvvəl inansa da, sonradan anlayıb ki, Mehmana nə isə olub:

- Anam mənə xəbər edən ki, tez yığışıb yola düşdüm. Yolu yarılayandan sonra gördüm ki, yox, nə isə bu ölüm baba ölümünə, yaşlı insan ölümünə oxşamır. 

- Nədən hiss etdin?

- Qardaşımla gedirdim. Ona çox zəng vururdular ki, Arzu niyə gəlmədi? Harda qalıb? Onda dedim ki, babanın on iki uşağı var, mənim kimi nə qədər də nəvələri Bakıda yaşayır, niyə məni axtarır hamı? Şübhələndim. Onda qardaşımdan soruşdum ki, Mehmana nə isə olub? Dilənmədi, başını aşağı saldı. Onda ürəyimdə dua elədim ki, Mehman yaralı olsun. Rayona çatanda, bayraqları, izdihamı görəndə, başa düşdüm ki, yaralanmayıb, şəhid olub. Sonra onu evə gətirdilər. Bir gecə qaldı evdə, mənim qoymadılar üzünə baxmağa, amma atası baxmışdı. Mən həmin vaxtı heç nəyi dərk etmirdim, adamlara baxırdım, ağlayırdılar. Düşünürdüm kİ, onlar niyə ağlayır, nə olub? Onun tabutunun gəlişi, gedişi, dəfni sanki mənim üçün bir yuxu idi. Elə bilirdim, yatmışam, oyanacam.

Arzu 

- O cür vəziyyətdə olmağın çox çəkdi?

- Hələ də elə vəziyyətdəyəm. Elə bilirəm ki, təlimdədi, postdadı, haçansa gələcək. Bir dəfə isə hələ Mehmanın qırxı çıxmamışdı. Yatmışdım, yuxuda gördüm ki, Mehman güzgü qarşısında dayanıb özünə baxır. Dedim, Mehman, sənə nə olub. Yaxınlaşdım, gördüm boynunda yarası var. Ordan öpdüm. Mehman da gülümsədi. Sonra öyrəndim ki, yaralandığı yer eynilə mən yuxuda gördüyüm yer olub. 

- Gələcək sənə necə görünür?

- Bütün arzularım ancaq qızımla bağlıdır. Atasına layiq bir övlad olsun. Təhsilli, savadlı böyüsün. Mehmanın xasiyyəti elə idi ki, sevgisini içində saxlayırdı. Amma Nurayla arzularını deyirdi. İstəyirdi ki, qızımız yaxşı təhsil alsın. Mən də çalışıram ki, onun əmanətini ona layiq şəkildə böyüdüm. 

# 7386
avatar

Samirə Əşrəf

Oxşar yazılar