"Onu torpağa qoyanda üzünü açdılar..." -  ŞƏHİD ƏMANƏTİ
30 mart 2022 20:15 (UTC +04:00)

"Onu torpağa qoyanda üzünü açdılar..." - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Qəsəbov İsmayıl Nəbi oğlu haqqındadır.

İsmayıl Nəbi oğlu Qəsəbov  1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində anadan olub. 1998-2009-cu illərdə şəhid Elşən Cəfərov adına Qazax rayon Çaylı kənd tam orta məktəbdə təhsil alıb. İsmayıl Qəsəbov 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Azərbaycan Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan İsmayıl Qəsəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Qəsəbov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalları və “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2783... 

Ayrılıqların ən tündü ölümdür. Ancaq ölümün də ən tündü olur. Bu da erkən ölüm, gənc yaşda həyatın qırılmasıdır. Müharibə bu cür ölümlərin ən çox olduğu məqamdır. Hər şeyə ümid var. Hətta ən çarəsiz, ağır, ölümcül xəstəliklərdə belə insan ümidini itirmir. Allaha və möcüzəyə inanır. Amma ölüm bütün ümidlərin sonudur. Ölümdən o tərəfi yoxdur. Yoxluqlarından ən dəhşətlisi ölümdür. Ölüm faktı baş verəndə, sən artıq əmin olursan ki, hər şey bitdi. Bir də heç vaxt ölən adamı görməyəcəksən, səsini eşitməyəcəksən, ona toxuna bilməyəcəksən. O, elə şəkillərdə, xatirələrdə qalacaq. Biz birinci Qarabağ müharibəsinin yaralarından hələ xilas ola bilməmişdik. Aradan otuz il keçsə də, evlərdə, xatirələr kimi ağrılı, solğun üzlü şəhid şəkilləri vardı. Biz onları unutmamışdıq, buna istəsək də edə bilməmişdik. Otuz min şəhid vermişdik bu amansız müharibədə. Üstəlik torpaqlarımızın iyirimi faizini də itirmişdik. Çətin, amansız, unudulmaz dövrlər idi...

2016-cı ilin aprel ayında başlanan qaysaqlanmış yaramızdan bir tikə qopardı, Daha sonra 2020-ci ilin Tovuz döyüşləri general Polad Həşimovun şəhid olması və başlanan İkinci Qarabağ müharibəsi. Müharibənin ardından açıqlanan şəhid sayı isə 2783 oldu...

Bu saydan çox evə “pay” düşdü. Ah-nalə ruhlara toxundu, onları bəlkə də incitdi. Amma bayaq yazdığım ki, itki, gənc yaşda kəsilən ömür ağrılıdır.

Lalə

İndi üz tutduğum məkan da ömrü ömrünün 21-ci payızında şəhid olan şəhid İsmayıl Qəsəbovun mənzili idi. İsmayılın onsuz qalan evində məni onun həyat yoldaşı Lalə və iki azyaşlı oğlu gözləyirdi. Qapını üzümə ağbənizli, bəstəboy, ürkək baxışlı Lalə açdı. Lalə ilə qarşılaşanda qəfildən ağlıma gəldi ki, bəlkə mən onunla heç nə danışmayım, onun yarasını qopartmayım. Çünki onun simasındakı kədər artıq mənə çox şey deyirdi. Geri qayıdıb təkcə onları yazsaydım, bəs edərdi. Ancaq Lalənin, buyurun, keçin içəri deməsi, məni fikrimdən daşındırdı. Ata və anası, qardaşı ilə qalan Lalənin atası Etibar bəy də masa başında oturub mənim gəlişimi gözləyirdi. Söhbətə Lalədən başladıq:

- İsmayılla mən xalam oğlunun toyunda mehribanlaşmışıq. Yəni aramızda sevgi ən çox onda yarandı. Amma ona qədər biz telefonla əlaqə saxlayırdıq, mesajlaşırdıq. Ancaq bu bir xalaqızı, xalaoğlu münasibəti idi. Toydan sonra isə bir-birimizə qarşı hislər yarandı. Toy bitdi, evə gəldim. İsmayıl mənə dedi ki, mənim səndən xoşum gəlir, fikrim də ciddidir. Atam buna razı deyildi, qohum olduğumuz üçün. O, bizi qan analizinə yolladı. Dedi, analizlərin nəticəsi yaxşı çıxsa, baxarıq. Biz də analiz adı ilə nişan üzüklərimizi almağa getdik (gülür). Anam atamdan çəkindiyi üçün o, da razılıq verməyə qorxurdu. Onda İsmayıl dedi, ya qızı mənə verəcəksiniz, ya da mən çıxıb Rusiyaya gedəcəm. Bu söz anamı narahat etdi. Mənə dedi ki, ilahi, bu çıxıb getsə, mənim bacım nə edəcək, necə yaşayacaq. 

Şirin yalan

Nəhayət 2016-cı ilin may ayında onların nişanı, bir ildən sonra isə toyları olur. Onlar Bərdədə yaşamağa başlayırlar. Uğur və Mərd adlı iki oğul övladı olan ailə üç ildən sonra Bakıya köçür. İsmayıl ailəsi ilə birgə Bakıya köçəndən sonra onların ən gözəl günləri başlanır. İsmayılın hərbçi sərtliyi, ciddiyyəti harasa yoxa çıxır. O, mehriban ataya və ailə başçısına çevrilir. Lalə həmin günləri belə xatırlayır:

- Bəzən mənə deyirdilər ki, sən onunla necə yola gedirsən. Hətta anasıgil belə ondan çəkinirdilər. Amma o, zahirən elə idi. Əslində çox mehriban, qayğıkeş, fədakar adam idi.  Ailələrində bir narahatlıq olanda, mütləq onunla məsləhətləşərdilər. Qardaşı ondan böyük olsa da, böyüklük İsmayılda idi. Amma ailə qurandan sonra o, daha da dəyişdi. Uşaqlarını çox sevirdi. Bir dəfə evə onların üstünə əliboş gəlməzdi. Mən onunla yaşadığım üç ildə olduğum qədər heç vaxt xoşbəxt olmamışam.  

Bizim heç vaxt öz toyumuzdan başqa kənar toylara getməyə vaxtımız, imkanımız olmayıb. Bircə dəfə qohum toyuna getdik, o da bizim getdiyimiz son toy oldu. 

Sirr

Söhbətimizin bu yerində Etibar bəy də İsmayıl haqqında danışmağa başlayır:

- İsmayıl çox vətənpərvər, mərd, mehriban insan idi. Onun yalan danışmaqla, yaltaqlanmaqla qəti arası yox idi. Sözün düzünü deyən qürurlu oğlan idi. Həddindən arıq ailəcanlı adam idi. İsmayıl mənim yoldaşımın bacısının oğlu idi. Bir gün yoldaşım mənə dedi ki, İsmayıl Laləyə elçi yollamaq istəyir. Doğrusu mən o qədər də bu məsələyə razı deyildim. Çünki bütün hallarda qohum idik. Amma Lalənin özündən soruşanda, o, dedi ki, ata, mən özüm İsmayılla ailə qurmaq istəyirəm. Belə olan halda təbii ki, etiraz edə bilməzdim.  

Lalə deyir İsmayılla sonuncu dəfə ayrılanda, onun gözlərində kədər, simasında susqunluq görür. O, hətta qapıdan çıxanda oğlu Mərdi doyunca qucaqlayıb öpür. Ancaq necə olursa, o, ikinci dəfə geri qayıdıb oğlunu qucaqlayır. Lalə onun bu hərəkətindən səksənir: 

- Mən müharibənin olmasını gec bildim. Hərbçi dostunun yoldaşı mənə zəng vurub dedi ki, xəbərin var, onlar döyüşdədirlər. Mən onunla on səkkiz gün bir, on iki gün də bir danışa bilmədim. Zəng vuranda da, deyirdi ki, mən yaxşıyam. Onun yoxluğuna ağlamırdım, üsyan etmirdim. Deyirdim birdən allaha xoş getməz. İndi deyirəm ki, kaş 44 gün ərzində danışmayaydıq, amma o, sağ qalardı.  

Ümid

İsmayıl 2020-ci il noyabrın 7-də şəhid olur. Laləgilə isə xəbər noyabrın 10-da çatır. Bu xəbəri ən tez bilən Lalənin atası olur: 

- Qohumum zəng vurub dedi ki, İsmayıl yaralanıb. O, İsmayılın şəhid olmasını bir gün əvvəldən bilirmiş, amma mənə deməyə ürək etmirmiş. Mən bu xəbərdən sonra Bərdə, Füzuli, Gəncə, Bakı xəstəxanalarının hamısında onu axtarmağa başladım. Sonra zəng gəldi ki, bəs İsmayılın qardaşını hərbi komissarlığa çağırırlar. Ondan sonra biz bildik ki, o, şəhid olub. Ona qədər ağlımıza gəlmirdi. Hətta Lalə ilə hər gün mərc gəlirdik ki, bu gün gələcək, sabah gələcək. Mən xəbəri eşidəndə evdə hamıya dedim. Bircə Lalə xəbərsiz idi. Ona İsmayılın yaralı olduğunu və Qazağa gətirildiyini dedik. Biz burdan Qazağa gedən də komendant rejimi idi. Ona görə də bizim maşını tez-tez saxlayırdılar. Mən də hər dəfə maşından düşüb vəziyyəti postda dayananlara izah edirdim ki, bizi buraxsınlar. Biz gəlib Qazaxdakı evə çatanda, qapıdakı insanların çoxluğundan Lalə başa düşdü ki, yoldaşı şəhid olub. 

- Çətin olardı, uzun bir yolu bu xəbəri gizlətmək...

- Əlbəttə. Çox çətin idi. Amma mən düşünürəm ki, gizlətməyimiz doğru qərar idi. Belə olmasaydı, o yolu getmək çətin olardı. Sürücü də maşını idarə edə bilməzdi, yolda qəza baş verərdi, Lalə özünə nəsə edərdi. Birtəhər başını qata-qata apardıq. Amma torpaqlarımızın işğaldan azad olması bizim üçün təsəlli idi. Bu oğullar həmin torpaqlara görə şəhid olmuşdular.  

Şuşa...

Lalə ilə İsmayıl sonuncu dəfə oktyabrın 28-də danışırlar. O gündən sonra döyüşlər daha da şiddətlənir. İsmayılın ailəsi ilə əlaqə saxlamaq imkanı məhdudlaşır. Ancaq Lalə deyir ki, onlar İsmayılın Şuşaya ilk girənlərdən biri olduğunu biliblər: 

- İsmayılgilin dəstəsi dağ döyüşçüləri idilər. Onlar Şuşaya il ayaq basanlar hərbçilər olublar. Müharibə noyabrın 8-də bitdi. İsmayıl isə ayın 7-də şəhid olur. O, ayağındakı şah damardan və sinəsinə dəyən qəlpədən şəhid olur. Mən atam deyən kimi rayona çatana qədər ağlıma da gəlmirdi ki, ona nə isə ola bilər. Sonuncu dəfə mənə zəng vuranda, ona dedim ki, nə zaman gələcəksən? Dedi, narahat olma, hər şey yaxşıdı, yeganə öhdəliyimiz Şuşadır, onu da azad edək, qayıdacam. Ancaq Şuşa azad olunandan sonra  da ondan xəbər çıxmadı. Adamlar artıq onun şəhid olduğunu bilirlər, mənim isə xəbərim yoxdur. Məndən tez-tez soruşurlar ki, İsmayıldan xəbər var, deyirəm ki, yox, ancaq gələcək. Hətta biz rayona gedəndə, Moskvada yaşayan xalamın oğlu mənə zəng vurdu, ağlaya-ağlaya dedi ki, İsmayıl şəhid olub. Onu sakitləşdirdim ki, yox, nə danışırsan, yaralanıb. Səkkiz saatlıq yolda mənim ürəyim nədənsə çox rahat idi. İndi deyirəm ki, İsmayıl şəhid olduğu üçün Allah mənim qəlbimə sakitlik vermişdi. Kəndimizə gecə saat birdə çatdıq. Gecə olmasına rəğmən o qədər bu qədər adamın olması məni şübhələndi. Ürəyimdə dedim ki, ay Allah onun başına heç nə gəlməsin. Bizi gətirən sürücüyə hələ maşında zəng gəlmişdi, o, mənim maşında olduğumu unudub demişdi ki, Lalı bilməsin. Ondan bu sözün səbəbini soruşanda, dedi ki, yoldaşım Lalə ilə bağlı məsələdir, narahat olma. Amma biz kəndə çatanda o, yenə kiməsə zəng vurdu və dedi, Lalə çatdı...

Son görüş

Kəndə girəndə artıq Lalənin səksəkəli qəlbi hiss edir ki, İsmayıl yaralı deyil və onun başına çox pis, amansız bir hadisə gəlib. Qayınanasının onun qarşısına gəlməsi, əyilib Lalənin ayaqlarını qucaqlaması isə Laləyə şillə kimi dəyir: 

- Qayınanam qarşıma çıxdı, ayaqlarımı qucaqlayıb mənə dedi ki, bağışla, mən sənə İsmayılı verə bilmədim. Onda qışqırdım, dedim, ola bilməz, İsmayıl sağ-salamatdır, gələcək. Dedi, yox, İsmayıl yoxdu. Bu sözü eşidəndə, ürəyim getdi. Məni evə apardılar. Nə qədər edirdilər, özümə gələ, ayıla bilmirdim. Onun tabutunu səhər onda gətirdilər. Hamı tabutun üstünə qaçıb onu qucaqladı. Ancaq mən keçib tabutun ayaq tərəfində dayandım. Orda hamını unutmuşdum elə bil. Onun tabutuna baxıb dedim, İsmayıl, sən neylədin? Bizi kimə qoyub getdin? Mən həmin an qışqıra bilmirdim. Ancaq onunla bağlı sözləri danışırdım. Qoymurdular onun üzünü açmağa. Ancaq inad etdim, dedim ki, yox, onun üzünü görməsəm, özümü öldürəcəm, dəfn olunmağa qoymayacam. Razılaşdılar. Dedilər onu dəfn edəndə açarıq baxarsan. Dəfnə gedəndə, elə bil İsmayılın tabutu ayaq açıb qaçırdı ki, torpağın altına girsin. Onun qəbrini görəndə dedim, bura balacadı. Yerə göyə sığışmayan adam bu qəbrə sığışmaz. Onu torpağa qoyanda dedilər, yoldaşı gəlsin. Üzünü açdılar, İsmayıl sanki yatmışdı. Mən saatlarla dayanıb ona elə vəziyyətdə baxardım, elə bilirdim yatıb. Ancaq qoymadılar. Toxunmağa belə icazə vermədilər. 

İsmayıl əlbəttə ki. Torpağı, vətəni uğrunda şəhid oldu. Amma onun övladları bu gün atasız böyüyürlər. Bu məni çox incidir. Hərdən maaş alanda, onlara deyirəm ki, ata sizə pul göndərib, gedək şirniyyat alım. İnanırlar. Böyüyəndən sonra həqiqəti əlbəttə biləcəklər. Amma ona qədər bu yükü çəkmək mənim boynumdadır. Çalışacam ki, onun övladlarını adına layiq böyüdüm.  

Samirə Əşrəf 

  

# 11229
avatar

Samirə Əşrəf

Oxşar yazılar