Corc Kluni nəhayət özünün prezidentlik kampaniyasını istisna edib, lakin gözlənilmədən 2028-ci ildə partiyanı Ağ evə qaytarmaq üçün ən perspektivli namizəd hesab etdiyi üç demokratın adını çəkib.
Lent.az bildirir ki, "Daily Mail" qəzetinin yazdığına görə, Demokratlar Partiyasının ən nüfuzlu donorlarından və ianə toplayanlarından biri olan 65 yaşlı aktyor Venesiyada keçirilən "Yaradıcılığın gələcəyi" tədbirində qarşıdan gələn prezident seçkilərini müzakirə edib.
Kluni potensial namizəd kimi ilk seçimini 39 yaşlı Corciya senatoru Con Ossoffu edib.
"Düşünürəm ki, hamımız Corciyadan olan bu gənc senator Con Ossoff üçün çox həyəcanlıyıq", - Kluni deyib.
Aktyor həmçinin İllinoysun qubernatoru Cey Pritsker və Kentukkinin qubernatoru Endi Beşirdən də bəhs edib.
Kluni vurğulayıb ki, hələlik heç bir siyasətçini rəsmi olaraq dəstəkləmək planı yoxdur və noyabr ayında keçiriləcək ara seçkilərə qədər gözləmək niyyətindədir.
Kluni özü dövlət vəzifəsinə namizəd olmaq fikrini qəti şəkildə rədd edib. Aktyor öz siyasi karyerası ilə bağlı suala cavab olaraq "Qətiyyən yox" cavabını verib.
Kluninin sözlərinə görə, onun yaşı prezidentliyə namizədliyini nəzərdən keçirməməsinin əsas səbəblərindən biridir. "Mənim 65 yaşım var və düşünürəm ki, bizə daha gənc səslər - yeni ideyalar və yeni düşüncə gətirən insanlar lazımdır".
Kluninin favorit adlandırdığı Ossoff ilk dəfə 2021-ci ildə Senata seçilib. 39 yaşında o, 1980-ci ildən bəri ən gənc ABŞ senatoru, 1980-ci illərdə anadan olan ilk senator və Senatda ilk minillik nəsli olub
Kluni yenidən özünü böyük bir siyasi oyunun mərkəzində
Aktyorun açıqlaması qaçılmaz olaraq 2024-cü ilin yayında Co Baydenə qarşı yüksək səviyyəli mübarizəsini xatırladıb.
Həmin ilin iyul ayında Kluni "The New York Times" qəzetində 81 yaşlı Baydeni prezidentlik yarışından çəkilməyə çağıran bir məqalə dərc edib. Aktyor əsasən prezidentin yaşı və effektiv kampaniya aparmaq qabiliyyəti ilə bağlı narahatlıqlarını dilə gətirib.
Kluni daha sonra Baydenlə birlikdə təşkil etdiyi xeyriyyə tədbirini xatırladıb və qarşısında əvvəllər tanıdığından fərqli bir siyasətçi gördüyünü yazıb.
Məqalənin dərc olunmasından cəmi 11 gün sonra Bayden prezidentlik yarışından çəkilib.
Kluni hələ də mövqeyinin dəyişmədiyini vurğulayır. "Mən hər kəsi dəstəkləməyə şad olaram - amma mənim yaşımda və ya daha böyük insanları yox. Düşünürəm ki, bizə daha çox gənc lazımdır".
Eyni zamanda, aktyor özünü Amerika siyasətinin kənar müşahidəçisi hesab etmir. O, 1988-ci ildən bəri siyasi ianə toplamaqla məşğul olduğunu və özünü "Demokratlar Partiyasının tarixində ən böyük ianə toplayan" adlandırdığını bildirib.