Paşinyanın seçki kampaniyası gülüş hədəfinə çevrildi - Medvedyevdən SƏRT TƏNQİD
23 may 2026 17:14 (UTC +04:00)

Paşinyanın seçki kampaniyası gülüş hədəfinə çevrildi - Medvedyevdən SƏRT TƏNQİD

0

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitry Medvedyev Ermənistan hakimiyyətinin Avropa Birliyi ilə yaxınlaşma kursunu tənqid edib. O bildirib ki, İrəvan bir tərəfdən Avrasiya İqtisadi Birliyində (AİB) iştirakın üstünlüklərini qorumağa, digər tərəfdən isə Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə çalışır.

Lent.az xəbər verir ki, bununla bağlı Medvedyev “Max” platformasındakı kanalında yazıb:

“İki stul arasında oturmağa çalışan adam ağrılı şəkildə yerə düşmək riski ilə üzləşir. Görünür, yaxın zamanda ləqəbi Nikol olan bir şəxs də məhz bunu etməyə hazırlaşır. O, öz superdövlətini inadla Avropa İttifaqına sürükləyir, eyni zamanda AİB-də iştirakın bütün üstünlüklərini saxlamağa çalışır”.

Təhlükəsizlik Şurası sədrinin müavininin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə münasibətləri dərinləşdirərkən Rusiya qazının mövcud qiymətlərlə saxlanılacağına ümid edir.

“Rusiya özündən uzaqlaşan tərəfdaşına qazın indiki qiymətini min kubmetr üçün 177,5 dolları qoruyub saxlamalıdır”, — deyə Medvedev yazıb. O qeyd edib ki, 2026-cı ilin mayında Avropada qazın birja qiymətləri min kubmetr üçün 570–590 dollar səviyyəsində olub.

“Hamıya aydındır ki, ölkə Avropa qaz qiymətlərinə keçəcəyi halda, həmin ölkənin əhalisi bu adamı sərt şəkildə rədd edib, birbaşa yaxın dostu Emmanuel Makronun yanına, Parisə göndərəcək. Buna görə də o, hamının xoşuna gəlməyə çalışaraq müxtəlif tərəflərə uyğun davranmağa cəhd edir. Amma bu, mümkün deyil”, —Dmitry Medvedyev bildirib.

Qeyd olunur ki, dünən də Vyaçeslav Volodin Paşinyanın Rusiya ilə bağlı siyasətini “qeyri-dost siyasət” adlandırıb.

“Dövlət Duması deputatlarının fikrincə, Ermənistanın baş naziri Paşinyan Rusiya Federasiyasına münasibətdə qeyri-dost siyasət yürüdür və ölkəmizin təqdim etdiyi imkanlardan həyasızcasına istifadə edir. Bu, düzgün deyil. Daha əvvəl də dediyim kimi, biz bunu Ukrayna nümunəsində görmüşük”, — deyə Volodin yazıb.

O, həmçinin vurğulayıb ki, Rusiya Ermənistana qazı öz maraqlarına zərər hesabına tədarük edir.

Ermənistan rəsmi şəkildə Avropa Birliyinə üzvlük niyyətini bəyan edib və Kollektiv Təhlükəsizlik Təşkilatındakı iştirakını dayandırıb.

Mayın 5-də İrəvanda Ermənistan ilə Avropa İttifaqı arasında ilk ikitərəfli sammit keçirilib. Bu görüş 40-dan çox Avropa liderinin iştirak etdiyi Avropa Siyasi Birliyi sammitindən dərhal sonra baş tutub.

Apreldə Vladimir Putin Paşinyanla görüşdə xatırladıb ki, Ermənistan eyni vaxtda həm Gömrük İttifaqında, həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi Birliyində iştirak edə bilməz.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə aprelin əvvəlində Rusiya qazının qiyməti artacağı təqdirdə ölkənin həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də AİB-dən çıxmasını mümkün hesab etdiyini bildirmişdi.

Qeyd edək ki, son zamanlar Ermənistan baş nazirinin apardığı siyasət daxildə və xaricdə birmənalı qarşılanmır. Həmçinin Paşinyanın parlament seçkiləri öncəsi apardığı kampaniya da gülüş hədəfinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar