Biz hamımız kimlərinsə dostuyuq...
26 sentyabr 2016 09:54 (UTC +04:00)

Biz hamımız kimlərinsə dostuyuq...

0

Hər şey ondan başladı ki…

 

 

Millət vəkili Qüdrət Həsənquliyev olduqca səmimi və kifayət qədər rasional müsahibə ilə aparıcı müxalifət qəzetlərinin birində çıxış etdi. Etiraf edim ki, son illərdə bəlkə də bu qədər informasiya yüklü müsahibə oxumamışdım. Xulasə, söhbət müsahibənin möhtəşəmliyindən də getmir…

Müsahibənin sanki sonunu gözləyirmiş kimi (müsahibə “Yeni Müsavat” qəzetinin 3 sayında dərc olundu) dərhal İlham Rəhimli adlı “siyasi” xadim olduqca aqressiv və çox bayağı şəkildə müsahibi aşağılayan münasibət ortaya qoydu. İlham Rəhimli demək olar ki, dostu Putinin cavabını Azərbaycana çatdırırmış kimi davranırdı. Bu müsahibəni oxuyanlar yəqin ki tutmamış deyil. Sirr deyil ki Qüdrət Həsənquliyev bütün müsahibələrində özünün siyasi mövqeyini ortaya qoyaraq Qarabağın qaytarılması müqabilində Azərbaycanın Vahid Gömrük İttifaqına və eyni zamanda Avrasiya ittifaqına qoşula biləcəyi haqda mülahizələrini söyləmişdi. Və elə sonuncu müsahibəsində də bu barədə geniş danışmışdı. Hər dəfə də bu məsələ ilə bağlı danışdıqca “beşinci kalon” damğası ilə möhürlənmişdi. Bu dəfə də reaksiya gecikmədi-beşinci kalon dözmədi. Kaloniya rəhbəri özü işə qarışdı. İlham Rəhimliyə “kıss” dedi.

 

Kimdir bu İlham Rəhimli? Başqalarını deyə bilmərəm mən bu adamı üç şeyə görə tanımışam.

 

Birinci – Rusiya Prezidenti Vladimir Putinin şeyi – dostu olduğuna görə… Açın bütün internet resurslarını, gedin oturun Axundov adına kitabxanada, tökün qabağınıza o dövrün bütün mətbuatını, görün İlham Rəhimli və yaxud İlham Rəhimov adlı birinə Putinin prezidentliyindən öncə rast gəlirsinizmi. Qətiyyən. Yoxdur ortalıqda belə adam. Ardınca partiya sədri İlyas İsmayilovun şeyi – müavini kimi səhnədə peyda oldu və qısa müddətdən sonra ortalıqdan qeyb oldu. Üçüncü dəfə isə İlham Rəhimli Azərbaycanın siyasi səhnəsinə Rəbiyyət Aslanovanının şeyi – əri kimi qayıtdı. Sonuncu qayıdış çox yaxın tarix olduğundan yəqin ki hamı xatırlayır. Azərbaycan siyasətinə qapıdan girə bilməyən adam Rəbiyyət xanımla ailə qurmaqla siyasi səhnəyə pəncərədən dürtülmək istədi. Təbii ki Azərbaycanda bu istəyin arxasında nələrin gizləndiyini kifayət qədər çılpaqlığı ilə bilən siyasi başbilənlər ona bu imkanı tanımazdı və tanımadılar da. Hələ bu izdivacda Rəbiyyət xanımın və oğlu Elnur Aslanovun rolunun nədən ibarət olduğu başqa yazının mövzusu olduğu üçün üzərindən sükutla keçirik. Nə isə… Bu məsələni burada saxlayıb keçid alaq Aslan İsmayılov məsələsinə.

 

Bu adam da demək olar ki, Azərbaycan siyasətinə pəncərədən soxulmaq istəyən adamdır. Bu şəxs də Azərbaycanda bir neçə şeyə görə tanınsa da mən onu əsasən vəkil kimi tanıyıram. İlk olaraq onu tanımaqlığım yevlaxlı Alik kimi tanınan bir qanqsterin vəkilliyini etdiyi zaman baş verib. 1998-ci ildə DİN İstintaq İdarəsinin rəisi Nizami Qocayevə qondarma bir ittihamla iş qaldırmışdılar. O zamankı respublika prokuroru Eldar Həsənovun rəhbərliyi ilə həyata keçirilən bu qondarma işdə Aslan İsmayilov Alikin şeyi – vəkili kimi işə çıxırdı. İndi Aslan müəllim özünü tam bir müxalif insan, qatı müxalifətçi və hərəkat adamı kimi cəmiyyətə sırımaq istəyir. Baxın bu adam indiyəcən hansı bir müxalifə vəkillik edib? Bu adamın vəkillik müqavilələri ancaq milyonerlərlə və yaxud ona bərabər cinayətkarlarla baş tutub. Əlbəttə bu onun pul qazanmaq istəyindən irəli gələn bir məsələ kimi görünə bilər. Məsələnin ikinci tərəfi isə bu saxtakar vəkilin xidmət etdiyi insanların zəif tərəflərini və imkanlarını müəyyənləşdirib tanışları vasitəsilə hərraca çıxarmasıdır.Ümumiyyətlə vəkillik etdiyi insanların hansı birinin işini udub. Mənim bildiyim iki qalmaqallı məhkəmədən birindən Alik ləqəbli cinayətkar ömürlük həbsə göndərilib, digəri də Zülfüqarov qardaşlarının işidir ki, bu da göz qabağındadir. Aslan İsmayilov mətbuat cameəsinə həm də bir poliqrafçı biznesmen kimi də tanışdı. O zaman hələ 90-ların sonlarında vəkil biznesmen mərhum jurnalist Elmar Hüseynovla mətbəə də açmışdılar. “Monitor” jurnalında da payı vardı. Eldar Həsənovdan vəzifəli şəxslər haqqında gələn kompromat materiallar bu jurnalda tirajlanırdı. Bir çox hallarda isə indi adını reket mətbuat qoyduğumuz qəzet və saytların sələfi rolunda çıxış edilərək heç tirajlanmırdı da. Hələ o zamanki şəriklərindən biri İlyas İsmayılovun oğlu Etimad İsmayılovla münasibətləri də cur idi. Sonradan o şəriklərdən biri qətlə yetirildi, digəri isə hamının bildiyi kimi İlham Rəhimlinin dostu Putinin prezidenti olduğu Rusiyada həbsə atıldı. Həmdə onu bilirik ki, İlham Rəhimli İlyas İsmayilovun Ədalət Partiyasinda müavini olub və Etimad İsmayilovla da biznes şərikliyi olub. Bütün bunlardan sonra İlham Rəhimli ilə tanışlığının olmamasını iddia edəsən – bax bu həyasızlığın kulminasiya nöqtəsidir.

 

… Biz hamımız kimlərinsə dostuyuq. Kimimiz Putinin, kimimiz İlham Rəhimovun, kimimiz də Aslan İsmayılovun.  Mənim də dostlarım var. Yəqin üzümə deməsələr də ürəklərində məni qınayanlar olacaq. Mənə haqq qazandıran dostlarım da olacaq, bilirəm. Niyə bu yazını yazdığıma görə yox, mənə yaraşmayan ifadələrdən istifadə etdiyimə görə. Ancaq Qüdrət Həsənquliyevi yaxından tanıyan insanların hamısı yaxşı bilir ki, o bu qədər həyasızcasına aşağılanmaya layiq insan deyil. Bir də gələcəklər və yenə cavablarını alacaqlar. Bir həqiqəti bilirəm ki, Aslan İsmayılovun ağzından dağılan ufunət öz ətrafını da qoxudub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar