Deputatların maaşı qalxdı
17 dekabr 2013 13:00 (UTC +04:00)

Deputatların maaşı qalxdı

Parlamentin deputatlarının maaşları rəsmən qalxdı.

Lent.az-ın məlumatına görə, bu məsələ parlamentin bugünkü sessiyasında qəbul edilən “Deputatların statusu” haqqında qanun layihəsinə edilən dəyişikliklə təsdiq edilib.

Deputat Əli Hüseynli çıxışında deyib ki, onların maaşları 1950 AZN olacaq. Spikerin maaşı isə buna müvafiq olaraq, 2250 manat olub.

Ə. Hüseynli qeyd edib ki, bu maaşın hamısı onlara çatmır. Deputat deyib ki, 19 faiz vergiləri çıxdıqdan sonra onlara cəmi 1822 manat vəsait qalır.

Deputat Ziyad Səmədzadə isə deyib ki, 2008-ci ildən bəri deputatların maaşları artmır və bu səbəbdən də bu artım normaldır.

YAP icra katibinin müavini Siyavuş Novruzovun sözlərinə görə, deputatların maaşlarının artırılmasından cəmiyyətdə ajiotaj yaratmaq üçün istifadə etmək cəhdləri uğursuzluğa düçar olacaq. O, Azərbaycanda deputatlar və müəllimlərin maaşlarını ilə ABŞ-da senatorlarla müəllimlərin maaşlarını müqayisə edib və qeyd edib ki, bu müqayisədə Azərbaycan daha yaxşı yerlərdədir: “ABŞ-da senator 16 min dollar, müəllim isə 2 min dollar maaş alır. Bizim ölkə ilə müqayisə edəndə bu fərqin bizdə daha az olduğu görünür”.

S.Novruzovun fikrincə, dünyada insanların maaşlarını soruşmaq etik deyil, ancaq bizdə mətbuat deputatların maaşlarından tez-tez yazır: “Hörmətli mətbuat işçiləri də buna diqqət etməlidir”.

VHP sədri Sabir Rüstəmxanlı isə bu qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, ölkədə deputat statusuna layiq olunduğu qədər hörmət qoyulmur. O, parlamentin bu məsələlərə xüsusilə diqqət yetirməli olduğunu qeyd edib.

Spiker Oqtay Əsədov isə deyib ki, son 7-8 ildə deputatların maaşları cəmi 15 faiz artırılıb. Buna görə də bu məsələyə xüsusi aqressiv yanaşmaq düzgün deyil. Spiker S.Rüstəmxanlının da çıxışına replika ataraq deyib ki, deputat öz hörmətini özü qazanmalıdır: “Biz özümüzü niyə yazıq səviyyəsinə çatdırırıq? Belə olmaz axı”.

Daha sonra layihə səsə qoyulub və 91 lehinə, 1 əleyhinə olaraq qəbul edildi. 2 deputat isə səs verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2398

Oxşar yazılar