Bu gün Azərbaycan müstəqil, qüdrətli, siyasi və iqtisadi baxımdan heç bir asılılığı olmayan, Cənubi Qafqaz regionunun lider dövlətidir. Bütün bunlar müharibə şəraitində olan - 1994-cu ildən bu yana atəşkəs rejimində yaşayan bir dövlətin qeyri-adi nailiyyətidir. Müasir Azərbaycan ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır. Atəşkəsin elan olunmasından bu yana ən irimiqyaslı hərbi əməliyyat olan aprel döyüşləri də sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb.
Özlərini “yazıq”, “kimsəsiz”, “təklənmiş” göstərən, “əzabkeş erməni” cildinə bürünərək dünyanın həqiqət gözünə riya pərdəsi salan ermənilər BMT qətnamələrindən, AŞPA, NATO bəyannamələrindən “xəbərsiz” şəkildə ədalətsiz müharibəyə cəlb olunmaları ilə bağlı şüvən salırlar. Haylar ənənəvi peşələrinə sadiq qalaraq daim müxtəlif tədbirlərdə, konfranslarda hər vəchlə bu məsələni irəli çəkir, “erməni ədaləti”ndən dəm vururlar.
MDB Dövlət Başçıları Şurasının 2016-cı il 16 sentyabr tarixində Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan “ənənəsinə” sadiq şəkildə yenə iclasın əsas mövzusunu bir tərəfə qoyub bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrə toxundu. Azərbaycandan şikayət xarakterli çıxış edən Sarkisyan bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu diqqətə çatdırdı.
Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin Prezident İlham Əliyev Belarus Prezidentindən ona danışmaq üçün imkan verilməsini xahiş etdi. Belarus Prezidentinin razılığından sonra çıxış edən dövlətimizin başçısı Ermənistan prezidentinə tutarlı və sərt cavab verdi. Prezidentin tarixi faktlara əsaslanan mükəmməl cavabı Sarkisyanı susmağa məcbur etdi. Ermənistan prezidenti aqrumentlər qarşısında aciz qaldı. İlham Əliyevin qətiyyətli çıxışı işğalçı ölkənin rəhbərinin yalanını növbəti dəfə ifşa etdi və Ermənistanı daha da gülünc vəziyyətə qoydu. Prezidentin məntiqli çıxışı qarşısında böyük bir diplomatik zərbə alan Sarkisyan – “yalana cavab verməyin sadəcə mənası yoxdur” – deməklə özünü düşdüyü biabırçı vəziyyətdən çıxarmağa çalışdı. İlham Əliyev – “ Mən yalana artıq cavab verdim” – deyərək Ermənistan prezidentinin iç üzünü bir daha açdı və hər zaman da erməni yalanlarını tarixi əsaslarla təkzib etməyə hazır olduğunu sübut etdi.
Bu gün Azərbaycan və Ermənistan müqayisə edilməyəcək səviyyədədir. Azərbaycanın hər cür lazımı vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır. Ermənistan “şanlı əsgərlər” simasında təqdim olunan muzdlu qoşunla çəkinmədən hərbi gücdən danışır, ordunun “qüdrətinə” dastanlar yazır. O şanlı əsgərlər ki, döyüşə getməkdən çəkinərək qaçır, Serj Sarkisyana özgə torpaqları üçün döyüşməyəcəkləri bəyanatı verirlər. Sarkisyan isə hər vəchlə işğal faktını danmaqda davam edir. Lakin tarix heç nəyi unutmur: 18 may 2001-ci ildə Ermənistanın o vaxtkı Müdafiə Naziri (indiki prezident) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasətin bariz isbatıdır: "İşğal elədiyimiz torpaqlar var. Bunda utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992 ili və öncəsində də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur”.
Nə qədər ki, Ermənistan işğalçı siyasətindən əl çəkməyəcək bütün beynəlxalq tədbirlərdə daim rüsvay olacaq, Ermənistan hakim dairələri tutarlı faktlar qarşısında boynubükük qalacaqdır. Çünki onların öz yersiz iddialarını sübuta yetirmək üçün faktları yoxdur. Milyonlarla qaçqın və köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın, şəhidlərimizin ruhu və tarixin ədalət sorğusu qarşısında heç vaxt öz əməllərinə bəraət qazandıra bilməzlər.
Nailə Məmmədova
“Azerbaijan Realities”