Rafiq Əliyev: “Qoy cəmiyyət bunu bilsin...” – MÜSAHİBƏ
19 sentyabr 2012 11:50 (UTC +04:00)

Rafiq Əliyev: “Qoy cəmiyyət bunu bilsin...” – MÜSAHİBƏ

2012/2013-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul prosesi başa çatdı. Builki qəbul imtahanlarının yekun nəticələri bütövlükdə təhsil sistemindəki xarakterik xüsusiyyətləri, təhsilin müxtəlif istiqamətlərindəki qüsurlara dair bəzi mühüm məqamları da çılpaqlığı ilə üzə çıxarıb. Ən mühüm məqamlardan biri odur ki, builki abituriyentlərin əhəmiyyətli hissəsi 0-100 bal arası nəticə göstərib. Hətta iş o yerə çatdı ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yenə də III ixtisas qrupunda müsabiqədə iştirak üçün minimal keçid balını 300-dən 250-yə, I və II qrupda isə 250-dən 150-yə endirdi. Bu, Azərbaycanda test üsulunun tətbiq edildiyi 20 ildə ən aşağı nəticədir. Görünür, elə buna görədir ki, keçid ballarının aşağı salınması ictimaiyyətdə, ölkənin təhsil sahəsinə nəzarət edən qurumların özlərində, ictimai təşkilatlarda ciddi mübahisələrə yol açıb. Məsələ o yerdədir ki, hətta siyasətçilər də keçid ballarının aşağı salınmasını təhsilin hazırkı vəziyyəti üçün ciddi siqnal kimi dəyərləndirirlər.

Dünya şöhrətli alim, qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Lütfizadə məktəbinin davamçısı, professor Rafiq Əliyev Lent.az-a müsahibəsində Azərbaycanda təhsil siyasəti, təhsilə investisiya və nəhayət, ali məktəblərə qəbul üçün keçid ballarının aşağı salınmasından danışıb:

- Neft gəlirləri ölkəyə daxil olanda mən gözləyirdim ki, bu gəlirlərdən təhsilə və elmə daha çox sərmayə qoyulacaq. Çünki sərmayə baxımından xalq üçün ən böyük gəlir verən elm və təhsildir. İndi Azərbaycanda hamı ali məktəblərə qəbul üçün keçid ballarının aşağı salınmasından danışır. Keçid balının 250-dən 150-yə salınması Azərbaycan təhsilində faciəvi bir indikatordur. Bu indikator Azərbaycanda təhsilin hansı səviyyədə olduğunu göstərdi. Bu fakt həm də neft gəlirlərinin təhsilə, elmə yönəldilməli olduğunu bir daha sübut etmiş olur. Mən bir neçə dəfə demişəm ki, Qərbə ən böyük körpü təhsil körpüsüdür. Yəni Qərbə inteqrasiya olunmaq üçün Boloniya sisteminə qoşulduq və sənədə qol çəkdik. Amma Boloniya prosesinin hansı müddəalarını həyata keçirdik? Ali və orta məktəblərdə rüşvətin kökü kəsildimi, müəllim vicdanı öz yerinə qayıtdımı? Mən o fikirdəyəm ki, təhsildə ən böyük islahat sovet dövründəki müəllimin vicdanını qaytarmaq olardı. Mən neft gəlirlərinin səmərəsini bunda görürdüm. Amma elm də inkişaf etmədi və ölkənin maliyyə imkanlarının bu qədər genişlənməsinə baxmayaraq, elmdə və təhsildə elə böyük nəticələrimiz olmadı. Dünyanın inkişaf etmiş, yaxud da inkişaf etməkdə olan ölkələri ilə müqayisə edəndə görürük ki, büdcədən elmə ayrılan vəsait azdır. Ümumiyyətlə, dünyada qəbul edilmiş bir qanun var: əgər elmə ayrılmalar ümumdaxili məhsuldan 2 faiz aşağı olarsa, o elm ölkənin iqtisadiyyatına təsir etmir. Bu baxımdan, istərdim ki, neft gəlirləri təhsil, elm, mədəniyyət sahələrinə ayrılsın. Axı postneft dövrünü fikirləşmək lazımdır ki, neft gəlirləri kəsiləndə Azərbaycanda nə baş verəcək? İndi görürsünüzmü, bütün dünyada neft amili tədricən tənəzzülə uğrayır. Təbii ki, körpülər tikmək, yol çəkmək çox vacibdir. Ancaq ən böyük körpü, dediyim kimi, Qərbə uzanan elm körpüsüdür. Səhiyyəyə, elmə ayrılan vəsait tikintiyə ayrılan vəsaitlərdən dəfələrlə aşağıdır.

- Son illər abituriyentlər ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərə bilmədiyindən keçid balları ənənəvi olaraq aşağı salınır. Bu il həmin ənənə özünü daha çılpaq şəkildə göstərdi. Sizcə, keçid ballarının aşağı salınması çıxış yoludurmu, yoxsa başqa şeylər etmək lazımdır?

- Mən bayaq bunu indikator adlandırdım. Əslində keçid ballarının bu şəkildə aşağı salınması təhsildəki vəziyyətə dair bir həyəcan təbilidir. Yəni daha bundan o tərəfi yoxdur. Təhsildə köklü islahatlar aparmaq lazımdır, xüsusən də orta məktəblərdə. Ən birinci isə ölkədə rüşvətin kökünü kəsmək kimi vacib bir məqsəd qoyulmalıdır qarşıya. Orta və ya ali məktəbdə 1 faiz rüşvət qalsa, heç bir tərəqqidən, heç bir islahatın müsbət təsirindən danışmaq mümkün deyil. Keçid balını aşağı salmaqla gənclərə təhsil vermək, təhsili inkişaf etdirmək olmaz, axı. Axı, bu cür qəbil imtahanı barmaqla sayıla biləcək qədər bir-iki ölkədə keçirilir. Dünyada “qəbul imtahanı” anlayışı yoxdur. Almaniyada tələbə gedib imtahan verir, testdən keçir? Qətiyyən. Ona görə deyirəm ki, şüur dəyişməlidir. Bunun üçün isə bircə şey lazımdır: dürüstlük. Bu sözü bir dəfə də demişəm ki, dürüstlüyün olmaması atom bombasından da qorxuludur. Əgər orta məktəbə, ali məktəbə dürüstlük gəlməsə, insanlar öz nəfsinin qulu olmaqdan azad ola bilməsələr yenə də həmin məktəb, həmin universitet olacaq. Ona görə də təhsili inkişaf etdirmək üçün bu məsələlərdən başlamaq lazımdır, keçid balını aşağı salmaqdan yox.

- Amma Nazirlər Kabineti hər il dövlət planını təsdiqləyir ki, ali məktəbə bu qədər tələbə qəbul olmalıdır. Bazar iqtisadiyyatına əsaslanan cəmiyyətdə planlı qəbul nə dərəcədə düzgündür?

- Əvvəla, həmin qəbul planının özünə baxmaq lazımdır. Mən sonuncu plana baxanda gördüm ki, orada nə qədər subyektivlik var. Hər kəs öz tərəfinə çəkməyi bacarır. Yəni harada təhsil azdan-çoxdan vardısa, hamısını öz tərəfinə çəkdi. Amma o ixtisaslara qəbul aparılmalıdır ki, onlar bu cəmiyyətə lazımdır. Deyirlər, filan universitet iqtisadiyyat fakültəsinə bu qədər tələbə götürməlidir, bu birisi bu qədər. Götürməklə deyil axı, onun marketinqi getməlidir, əmək bazarı öyrənilməli və tələbə qəbulu planı da bunun əsasında qurulmalıdır. Özünə 300-500 tələbə qəbulu planı yazan universitetlər tədqiqat aparmalıdır ki, onların əmək bazarına buraxdığı məzunların neçə faizi işə düzəlib. Təəssüf ki, nə universitetlər, nə də başqa qurumlar belə tədqiqatlar aparmır.
Bu yaxınlarda təxminən 30 illik əmək stajı olan bir həkimlə söhbət edirdim. O dedi ki, 150 manat məvacib alır. Ona görə də bu gün bir balaca xəstəlik olanda İrana, Türkiyəyə, Almaniyaya və başqa yerlərə qaçırıq. Bunun üçün gərək 10-15 il əvvəl heç olmasa, tibb sahəsində xaricdə yetişə biləcək mütəxəssislər göndərəydik. Bunu edə bilsəydik, onlar 10-15 ilə tam yetişib Azərbaycana qayıda bilərdilər. Yəni ictimai həyatımızda xüsusi yeri olan bir peşə sahibi ən yaxşı halda 150 manat alırsa, onda hansı davranışdan danışmaq olar? Həkim 100-150 manat civarında maaş alırsa, müəllimin məvacibi nə qədərdir? Və ümumiyyətlə, insanların məvacibləri, onların həyat tərzinə diqqət yetirdikdə sizin sualın cavabını oradan tapa bilərik.

- Neft gəlirləri ölkəyə daxil olandan sonra hökumət gənclərin xaricdə təhsili ilə bağlı xüsusi proqram da hazırladı. İndi o proqram çərçivəsində 5 mindən artıq gənc xaricdə təhsil almağa göndərilib. Bu yetərli deyil?

- Bunu artıq siz jurnalist tədqiqatı aparıb müəyyən edə bilərsiniz ki, o plan hansı ixtisaslar üzrə yerinə yetirilib? Mən isə dedim ki, bu gün kiminsə orta ağır xəstəsi olanda götürüb qaçırırlar Türkiyəyə, İrana. Niyə qaçmalıdır bu xəstə sahibi xaricə?

- İndi neft gəlirlərinin pik nöqtəsi artıq Azərbaycandadır. Bundan sonra neft gəlirləri azalmağa başlayacaq. Siz postneft dövründə Azərbaycanda nə gözləyirsiniz?

- Biz xeyli gecikmişik, amma yenə də gec deyil, hətta lap belə deyək, sizin bu yazınız mətbuatda dərc olunandan sonra yenə də islahatlara başlansa, yenə də nəsə etmək olar. Fikirləşmək lazımdır ki, postneft dövrünün iqtisadi modeli nə olmalıdır. Bu gün Azərbaycanın iqtisadi modeli xammal yönümlü modeldir. Dünyanın 4 iqtisadi modeli var, dünya ölkələrinin beşinci iqtisadi modeli yoxdur. Bunun birincisi Şimali Amerika və Qərbi Avropa ölkələrindədir ki, bunlar biliyə söykənən iqtisadi modeldir. Yəni bu ölkələr bilik, yeni texnologiyalar istehsal edirlər ki, bu da neftdən daha qiymətlidir. Onlar bir dənə CD istehsal edib satmaqla daha çox qazanırlar. Nəhəng Asiya ölkələri – Yaponiya, Honq-Konq, Sinqapur, Cənubi Koreya və digərləri ikinci modellə işləyirlər. Buna “texnoloji iqtisadi model” deyirlər. Onlar həmin biliyi idxal edirlər və onun üstündə çox yaxşı məhsullar buraxırlar. Məsələn, Yaponiyanın dünyada tanınan brendi var, hər hansı məhsulun üzərində “Made in Japan” yazılanda bilirlər ki, o Yaponiyada istehsal olunub. Heç kim düşünə bilməz ki, bu məhsul keyfiyyətsiz ola bilər. Üçüncü iqtisadi model xammalyönümlü modeldir. Bura qızıl çıxaran, neft sənayesinə söykənən ölkələr daxildir. Rusiya, Azərbaycan, İran, Qazaxıstan kimi ölkələr bu modelə əsaslanır. Yəni bu ölkələr xammalyönümlü iqtisadi modellə işləyən ölkələrdir. Dördüncü iqtisadi model isə aqrar modellərdir. Məsələn, Yunanıstan – gördünüzmü necə çökdü - Monqolustan. Adi bir misal deyim, fərqi özünüz görəcəksiniz: dünyanın istənilən nöqtəsində soruşsanız ki, ABŞ nə istehsal edir? Cavab verəcəklər ki, bilik. Bəs, Monqolustan nə istehsal edir: qoyun. Yəni dünyada iqtisadi modellər bu cür fərqləndirilir. Bəs bizdə neft dayanandan sonra nə istehsal ediləcək? Mən iqtisadçıların bostanına daş atmıram, ancaq bizdə heç bir iqtisadçı əlinə qələm alıb yazmayıb ki, neftdən sonra Azərbaycan iqtisadiyyatı hansı modellə inkişaf edəcək, dövlətin iqtisadi inkişafı hansı modelə söykənəcək? Sənayeni, aqrarı, kənd təsərrüfatını, yoxsa nəyi inkişaf etdirəcəyik?

- İndiki mərhələdə neft gəlirlərinin ölkənin inkişafına müsbət təsirini artırmaq üçün nə etmək lazımdır?

- Əlimizdə olan vəsaitləri elmin və təhsilin inkişafına yönəltmək lazımdır. Mən bunu elm və təhsil sahəsində çalışdığıma görə demirəm. Mən kənd təsərrüfatı sahəsində işləsəydim yenə də deyərdim ki, neft gəlirlərini elmin və təhsilin inkişafına yönəltmək lazımdır. Ümumiyyətlə, bəşəriyyətin tarixi boyu həmişə bütün ölkələri ziqzaqlardan elm çıxarıb. Sənətə də böyük hörmətim var, ədəbiyyata da – mənim dostlarımın çoxu ədəbiyyat adamıdır. Amma onların öz yeri var. Bu və ya digər ölkəni həmişə böhranlı vəziyyətlərdən, ağır durumlardan elm çıxarıb. Elm isə yalnız təhsilə söykənə bilər, təhsil olmayan yerdə elm də ola bilməz. Bu baxımdan, fikirləşirəm ki, büdcədən elmə və təhsilə, səhiyyəyə ayırmalar indikindən ən azı 10 dəfə artıq olmalıdır.

- Dövlət Proqramı əsasında xaricdə təhsil alanların cəmi 1 faizi dəqiq elmlər üzrə təhsil alır. Halbuki bütün elmlərin açarı dəqiq elmlərdədir. Bu məsələyə münasibətiniz necədir?

- Təbii ki, dəqiq elmlər də lazımdır. Ancaq dəqiq elmlər üzrə gənc kadrları Azərbaycanın özündə də hazırlamaq olar. Bizim çox güclü riyaziyyatçılar və fiziklər məktəbimiz olub. Amma reqress göz qabağındadır. Təxminən bir ay əvvəl internetdə belə bir informasiya oxudum ki, hər 1000 nəfər tədqiqatçıya dünyada qəbul olunan elmi nəticələrin sayı nə qədərdir. Orada bütün ölkələri, o cümlədən keçmiş sovet məkanında olan ölkələri vermişdilər. Həmin hesabatda ən sonuncu yerdə Qırğızıstanla Azərbaycan idi. Birinci yerdə Rusiyadır. Bunlar faktdır. O ki qaldı sizin sualınıza, mən xaricə göndərilən gənclərin çoxunu təbabət elmi üzrə istiqamətləndirərdim. Özü də kütləvi şəkildə. Həmçinin iqtisadiyyat və siyasi elmlər sahəsində də gəncləri xaricə təhsil dalınca göndərərdim. Düşünürəm ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması məhz bu 3 sahə üzrə daha vacibdir. Avropada təhsil alan tələbələr tam demokratik mühitdə, təmiz başqa bir qafa ilə Azərbaycana dönür.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3865

Oxşar yazılar