“İlahiyyat” məscidi qeydiyyat üçün sənəd təqdim etməyib
24 dekabr 2009 12:45 (UTC +04:00)

“İlahiyyat” məscidi qeydiyyat üçün sənəd təqdim etməyib

0
“Nərimanov rayon dindarları” dini icmasının taleyini isə məhkəmə həll edəcək

“Hələ ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərdən sonra təkrar qeydiyyata alınmayan dini icma yoxdur. Amma təkrar qeydiyyat üçün sənədlərini komitəyə təqdim etməyən, yaxud da sənədləri “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinə cavab verməyən icmalar var. Hazırda sənədləri qaydasında olmayan icmalarla bağlı müvafiq işlər görülür”.


Lent.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, hələ heç bir dini qurumu qeydiyyata almaqdan imtina edilməyib.


Hidayət Orucov bildirib ki, təkrar qeydiyyat üçün müraciət etməyən dini qurumlar arasında Bakı Dövlət Universitetinin ərazisindəki “İlahiyyat” məscidi dini icması da var. Onun sözlərinə görə, məscidin və dini icmanın fəaliyyət göstərib-göstərməyəcəyi qeydiyyat üçün təqdim olunacaq sənədlər araşdırıldıqdan sonra bəlli olacaq: “Bu barədə icma özü düşünməlidir”.

“Nərimanov rayon dindarları” dini icmasına gəlincə, komitə sədri deyib ki, bu məsələ məhkəmənin çıxaracağı qərardan asılıdır. Onun sözlərinə görə, bu icma məhkəməyə də müraciət edib: “Əgər bir məsələyə məhkəmə müstəvisində baxılırsa, o artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərindən kənardadır. Bu işlə bağlı məhkəmə müvafiq qərar qəbul edəcək”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 859

Oxşar yazılar