Bir romanlıq tale yaşayan qəhrəmanımız  – qəriblikdən  Vətənə  çiyinlərdə gəldi
16 yanvar 2026 12:59 (UTC +04:00)

Bir romanlıq tale yaşayan qəhrəmanımızqəriblikdən Vətənə çiyinlərdə gəldi

0

Qərib nar əkər, nar əkər,

Narı nar olmaz, nar olmaz...

(Eldar Baxış)

 Bakıdan İsveçə 3840 kilometr məsafə var. Təyyarə ilə beş saat, maşınla əlli beş saat, piyada düz otuz bir günə – bir aya gedib çıxmaq olar. Telefonla isə bir neçə saniyəyə İsveçdə olmaq mümkündü, səslə. İstər bir ay olsun, istər bir saniyə, qürbətin adı qürbətdi, insan qürbətdə qəribdi. Adam hərdən öz evində də bir otaqdan o biri otağa uzaq olur, öz evində qərib yaşayır.

Qərib və qürbət sözləri necə də qəribədi. Qəribə sözünün özü kimi. Qürbətdə olmaq yaxşıdırmı? Dəqiq cavab vermək olmaz, insana görə dəyişir, nisbidir. Pisdirmi? Bu barədə də hökm vermək olmaz. Amma bir onu demək olar ki, qürbətdə olmaq və ölmək qəribədir. Qəribə sözünün özü kimi...

İsveçdən Bakıya olan məsafə də eynidir, insanlar üçün. Əşyaların zehni, şüuru, canı olsaydı, onlara görə bu məsafə və bu vaxt nə qədər uzun, nə qədər qısa ola bilərdi, bilmirəm. Amma bu məsafənin və bu vaxtın içində olan xırda kibrit çöpünün belə taleyi var... Milli Qəhrəman Şahin Tağıyevin özünün taleyi başa çatsa da, onun cənazəsinin taleyi bu məsafədə və bu vaxtda öz səmtini axtarırdı...

Dünən gecə İsveçdən paytaxtımıza gətiriləcək cənazə – Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə bağlı xəbəri onun gəlini Nigar xanımdan öyrənəndə “muştuluq” sözü yadıma düşdü. 

Uzun illər İsraildə yaşayan Xalq artisti Tofiq Mirzəyev müsahibəsində ona ünvanlanan sualın içində “muştuluq” sözünü eşidib fasilə verir və deyir: “Muştuluq da yaxşı sözdür...”

Bu, çox sadə görünə bilər, amma muştuluq sözünə bu qədər həssas yanaşıb o sözü necəliyinə varmaq qürbətin və qəribliyin qəribəliyindən xəbər verir. Uzun müddət yad dillərin kəlmələri qulağında cingildəyən Xalq artisti öz ana dilinə həsrətini o “muştuluq”la bir daha dərk edir.

İndi qürbətdə qərib vəfat edən Milli Qəhrəman Şahin Tağıyevin məzarının uğrunda döyüşdüyü Vətənə gətirilməsi xəbərinə də bir muştuluq düşür...

O, Birinci Qarabağ müharibəsində döyüşüb, sonradan uğursuzluğa düçar olan bir çox hərbi əməliyyatda iştirak edib, Ağdərə cəbhəsinin yarılmasında şücaət göstərib, 1988-ci il – Azadlıq hərəkatı ilə başladığı mübarizə yolunu polkovnik-leytenant kimi başa vurub, döyüşlərdən birində yaralanıb, ordu sıralarından təqaüdə çıxıb.

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən dörd döyüşçüdən biridir.

2001-ci ildən Avropaya üz tutub, İsveçdə məskunlaşıb.

Vətən müharibəsi vaxtı Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində vəsait köçürüb, 2023-cü ildə ata yurduna – Şuşaya gedib, yenidən İsveçə qayıdıb.

Bu qısa arayış onun həyatı ilə bağlı cüzi də olsa mənzərəni göstərir. Amma bir romanlıq taledir, yaza bilən üçün.

Bu Vətənin Milli Qəhrəmanı olmaq üçün Azərbaycan boyda cəsarət lazımdır, ön cəbhədə də, nəyəsə qərar verəndə də. Məsələn, Şahin Tağıyev kimi... O bu torpağa hansı vaxt və niyə görə lazım olduğunu dəqiq bildiyi üçün sakit, mütəvaze həyat sürdü.

...İndi Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) dəfnindən fotolara baxıram. Qaməti düz, baxışları kəskin, bakenbordu səliqə ilə vurulmuş, daha üzündən şəhidlik yox, şahidlik yağan Azərbaycan hərbçilərinin çiynində necə məğrur-məğrur Vətən torpağına – öz təyinatına qovuşmağa gedir Milli Qəhrəman... Onlar çiyinlərində böyük mərhələnin bu günə qədər yaşayan, yaşadıqca öz canında o ağrıları daşıyan cismini Vətənin özünə qaytarırdılar.

Torpaqları işğalda olan Milli Qəhrəman öz Vətəninə qürurla qayıtdı – çünki ona azad olunmuş torpağa qismət oldu. O məzarlıqda uyuyan Milli Qəhrəmanlar da Tağıyevi qürurla qarşıladılar – çünki onu torpağı azad edilmiş Vətəndə gözləyirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar