Qış fəsli olmasına baxmayaraq son günlər havaların isti keçməsi bir qədər təəccüb yaradır. Bəs görəsən, bu istilər nə zamana qədər davam edək? Son illər fevral ayında temperatur bu qədər yüksəlibmi?
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cənub axınlarının üstünlüyü nəticəsində ölkə ərazisində havanın temperaturu bir qədər yüksəlib:
"Bu gün, fevralın 17-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, aran rayonlarında isə 23 dərəcə isti qeydə alınıb.
Statistik meteoroloji məlumatlara əsasən qeyd edə bilərik ki, ötən illərdə də fevral ayında yüksək temperatur göstəriciləri müşahidə olunub. Son 15 il ərzində fevral ayı üçün ən yüksək temperatur 2020-ci il fevralın 7-də qeydə alınıb, həmin gün Bakıda havanın maksimal temperaturu 25 dərəcə isti olub.
Bununla yanaşı bu gün və sabah ölkə ərazisində mülayim, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bakıda və Abşeron yarımadasında havanın maksimum temperaturu 15-20, bölgələrdə 19-24, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq".