Tehran Mənsimov
28 yanvar 2021 10:25 (UTC +04:00)

Tehran Mənsimov

"Düşməni öz üzərimizə çəkməli idik" - Tehran Mənsimov Şuşa döyüşlərindən DANIŞDI

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibə verib.

Lent.az sözügedən müsahibədən bəzi hissələri təqdim edir:

"... – Şuşaya girən ilk qəhrəmanlarımızdan biri siz olmusunuz. Həmin an hansı hissləri yaşadınız?

– Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşlatını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.

Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi...

– Həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak etmisiz. Sizcə, son müharibədə qələbəmizin əsasını nə təşkil etdi?

– Təbii ki, son 44 günlük müharibədə ordumuz nəyə qadir olduğunu göstərdi. Heç şübhəsiz ki, bunun da əsasında Ali Baş Komandan tərəfindən uğurla aparılan ordu quruculuğu siyasəti, mükəmməl hərbi kadr potensialının formalaşması, müasir hərbi silahlanma – bir sözlə, sarsılmaz hərbi qüdrətimiz durur. Xüsusilə ciddi nizam-intizam, ordunun tam püxtələşməsi, zabit və əsgərlərimizin həm psixoloji, həm də döyüş hazırlığının yüksək səviyyədə olması qələbəmizin əsasını təşkil etdi. Birinci Qarabağ müharibəsi zamanı ordumuzda texnika və canlı qüvvə çatışmazlığı var idi. Eyni zamanda insanların hərbi hazırlıqsız döyüşməsi düşmənə əlavə güc vermişdi. Lakin ordu quruculuğunda aparılan uğurlu siyasət 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Ali Baş Komandanın müharibənin gedişini dəqiqliklə izləməsi və birbaşa rəhbərlik etməsi düzgün döyüş taktikasının müəyyənləşdirilməsində və qələbə qazanmağımızda əsas amil oldu. Budur əsl Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının gücü!
Biz Vətənə olan borcumuzu yerinə yetirirdik. Lakin xidmətimiz dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Ali Baş Komandanın sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Bundan əvvəl də medallarla təltif olunmuşam. Dövlətimizə, Ali Baş Komandana minnətdarlıq edirəm. Xoşbəxt insanlarıq ki, Vətən müharibəsində, torpaqlarımızın azad olunmasında iştirak etdik. Fəxr edirəm ki, müzəffər Ali Baş Komandanımız var, qalib ordumuz var, güclü Azərbaycanımız var! ...".

# 10800
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar