Avqustun 13-də Baş prokuror Kamran Əliyev Yasamal rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, qəbulda iştirak edən 49 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.