Mayın 11-13-də maqnit qasırğası GÖZLƏNİLİR
11 may 2023 10:44 (UTC +04:00)

Mayın 11-13-də maqnit qasırğası GÖZLƏNİLİR

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Günəş diski üzərində olan fəal oblastların bir qismi müxtəlif M sinif alışmalar yaradıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, mayın 7-də baş vermiş Tac Kütlə Atılmasının (CME- Coronal Mass Ejection) ötən sutkada geomaqnit sahəyə daxil olan zərbə dalğasının təsiri nəticəsində G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğa müşahidə olunmaqdadır.

CME axınının təsirinin davamedici nəticəsi olaraq mayın 11-də günün əvvəli və sonu üçün G1 qasırğası proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası yuxarı coğrafi enliklərdə G3 (mülayim-güclü), aşağı coğrafi enliklərdə G1 maqnit qasırğası yarada, bu zaman maqnit sahəsinin kifayət qədər güclü həyəcanlaşması baş verə bilər. Mayın 12-də günün ilk yarisi yuxarı coğrafi enliklərdə G2 (mülayim-orta), aşağı coğrafi enliklərdə G1 səviyyəli qasırğa, mayın 13-də isə qasırğanın səngiməsi, lakin geomaqnit sahənin fəal səviyyədə (Kp=4) qalması proqnozlaşdırılr. Hazırda hər hansı fəallığa malik yeni Tac Kütlə Atılması müşahidə olunmur və geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 4-dür. 11-13 may tarixləri üçün Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-5 intervalında dəyişəcək.

Yerin maqnit sahəsində meydana gələn güclü həyəcanlaşma səbəbindən həmin günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

# 1632
avatar

Fidan İlqar

Oxşar yazılar