Qadınlar buna görə xəyanət edirlər - "TikTok" dan tanıdığımız psixoloqla MÜSAHİBƏ
04 may 2022 20:15 (UTC +04:00)

Qadınlar buna görə xəyanət edirlər - "TikTok"dan tanıdığımız psixoloqla MÜSAHİBƏ

“Prikollu bir ailədə böyümüşəm. Ailəmizdə hamı hər sözü, hər məqamı zarafata çevirən insanlar olub”  

Lent.az sosial şəbəkələrdə “professional psixoloq” adı ilə tanınan Nizami Orucovla müsahibəni təqdim edir: 

- Nizami bəy, sizin digər psixoloqlardan fərqiniz nədir? 

- Daha əvvəllər ciddi şəkildə kabinetdə əyləşib, elmi əsaslarla görüşlər keçirirdim. Amma sonra başa düşdüm ki, insanlar onsuz da bir çox problemlərdən yorulub, sıxılırlar. Buna görə də qərara gəldim ki, hər hansı bir psixoloq obrazında olmayım. Başladım sosial şəbəkələrdə paylaşdığım videolarda göründüyü kimi, insanlarla o şəkildə münasibət yaratmağa. İnsan psixologiyası elədir ki, onu asta-asta, mülayim, deyə-gülə düzəltmək lazımdır. 

Bundan başqa, ailə üzvlərim yumoristik insan olublar. Belə komik videolar çəkməyimdə də bir az da o kömək edir. 

Əsas məqsəd insanlarımıza bilik ötürmək, onlara yardım etməkdirsə, bu yolda “klonluq” da edərəm. Təki insanlarımız həyatlarını yaxşılaşdıra bilsinlər. 

- Sizin fikirinizcə, belə davranış insanlarda müsbət fikir yaradırmı?

- Əlbəttə. Son 1 həftə - 10 günü götürsək, paylaşdığım videolarıma 10 milyona yaxın baxış gəlib. İnsanlar videolardan çox, mənə pozitiv olduğum üçün təşəkkür edirlər. İndiki dövrdə insanlarımız daha çox gülüb, əylənmək istəyirlər. Bu onlara böyük güc verir. Düşünün ki, tək təbəssümümə, gülüşümə görə qəbula yazılanlar olur. 

- Son zamanlar ölkədə ailə-məişət problemləri ilə bağlı cinayətlər çoxalıb. Hətta yoldaşını öldürüb, daha sonra intihar edənlərin sayı xeyli artıb. Belə halların artması nədən qaynaqlanır? 

- Ümumiyyətlə, bu hadisələrin səbəbləri haqqında çox geniş danışmaq olar. Öncə, baş verən bu xoşagəlməz hadisələr ölkəmizdəki ailələrin kəskin şəkildə psixoloq köməyinə ehtiyac olduğunun göstəricisidir. Çünki insanlar bir çox psixoloji problemləri həll etmədən ailə həyatı qururlar. 

Belə deyək... İki nəfər bir araya gəlir, amma hər ikisinin özünə görə psixoloji problemləri var. Çox vaxt ailələr psixi pozuntusu olan övladlarını problemlərini gizlədib, “mənim də övladım evlənsin” adı ilə başqa insanları bədbəxt edirlər. Psixiatrik müalicə almalı olan insan ailə həyatı qurur. Təbii ki, müəyyən zamanlarda özlərini idarə edə bilmədikləri üçün münaqişələr başlayır.

Keçmiş yoldaşı qətlə yetirmək artıq get-gedə “dəbə” düşür. Mənim çox sevdiyim professorun belə bir sözü vardı: “ “Keçmiş yoldaş” deyilən bir ifadə yoxdur. Ya sənin yoldaşın var, ya da yoxdur”. 

Yəni iki insan bir araya gəldi, müəyyən vaxt sonra yola getmədilər ayrıldılar. Təbii ki, mən də boşanmalara qarşıyam, pis oluram. Amma yola getməyəndə mədəni şəkildə iki insan ayrılmalıdır. 

Bundan başqa, münasibətdə qısqanclığın patoloji səviyyəsi var. Bəzi kişilər düşünür ki, “xanımından ayrılsam, o başqa münasibətə başlayacaq”. Bu düşüncə sonda ölümlə nəticələnir. 
Daha sonra özlərini öldürməyin isə bir neçə səbəbi var. Həmin şəxslər ictimai qınaqdan, qisasdan, həbsə düşməkdən qorxduqları üçün özlərinə qəsd edirlər. 
 
Bir sözlə, cəmiyyətimizə müalicə lazımdır...

- Sizcə, psixoloq özünü nə zaman professional adlandıra bilər?

- Sualınıza cavab vermədən öncə onu deyim ki, mənim sosial şəbəkələrdəki hesab adlarımın “professional” olması bəzi şəxslərdə “qıcıq” oyadır. Əsasən də, psixoloqlara... 

Bunun səbəbini deyim. 2015-ci ildə vətənə qayıtdım. 7 ildir Azərbaycanda fəaliyyət göstərirəm. Ümumi, psixologiyada 14 ildir ki, çalışıram. Ölkəyə qayıdanda psixoloji xidmətlərdə baş verən biabırçılıqları gördüm. Söhbət təbii ki, işinin peşəkarı olan psixoloqdan getmir. 

Ölkədə hüquqşünaslığı bitirib, psixoloq kimi fəaliyyət göstərən insanlar gördüm. Həmin insanlar başqa ixtisası bitirib, gördülər ki, psixologiya “dəbə” düşdü deyə, özlərinə balaca ofis açıb, “psixoloq” oldular. 

Təəssüflər olsun ki, ölkədə buna nəzarət yoxdur. İllərdir Milli Məclisdə “Psixoloji xidmətlər haqqında” qanun oxunuşdan keçmir. O qanun qüvvəyə minsə, yalnız psixoloji təhsili olan və bir neçə seçilmiş şəxslər psixoloji xidmətlər göstərə biləcək. Dövlət tərəfindən buna nəzarət olmalıdır. 

Dəfələrlə müraciət edənlər olub ki, onlara 2 həftə kurs keçim. Gedib “psixoloq” olsunlar. Çox gülməli yanaşmadır. 5 il aldığım ali təhsili, 2 il üzərində işlədiyim təcrübəni 2 həftəyə öyrənmək istəyirlər. Professional olmaq üçün bu elmin, ixtisasın təhsilini almaq, bununla yanaşı təcrübə keçmək lazımdır. 

- Həkimlər insanları nə zaman psixoloq yanına göndərməlidir?

- Ümumiyyətlə, bəzi həkimlər psixoloqlarla paralel işləməlidir. Ən əsası isə cərrahlar. Cərrahiyə əməliyyatından öncə insan psixologiyasını ona hazırlamaq dövrü var. Əsas plastik əməliyyatlar zamanı problem yaranır. Elə olur ki, həmin şəxslər əməliyyatdan sonra özlərinə qapanırlar, psixologiyaları pozulur. Bu məqamlarda həkimlər pasientlərini psixoloqa yönəltməlidir.  

- Bəzi psixoloqlar xəstələrinə dərman məsləhət görür. Bu nə dərəcədə düzdür?

- Xeyr. Psixoloqun hüquqi baxımdan və dünya standartlarına uyğun olaraq dərman yazmaq haqqı yoxdur. Bizim işimiz psixoloji dəstək göstərməkdir. Bu, danışıqla, sözlə, müəyyən təsviri metodla ( qum, plastrin, oyun) ola bilər. Amma psixoloq dərman yaza bilməz. Dərmanı ancaq psixoterapevt və psixiatrlar yaza bilər. 

- Bu günlərdə 8 yaşlı uşağın intihar etməsinin xəbəri yayıldı. Uşaq intiharının əsas səbəbi nə olur? 

- “8 yaşlı uşaq dünyanı dərk etmir” fikri ilə razı deyiləm. Çünki 8 yaşlı uşaq dünya ilə bağlı bir çox təsəvvürlərə sahibdir. Amma intiharın təbiəti olduqca genişdir. İntihar anidən verilmiş bir qərar da ola bilər. Ola bilsin ki, uşağın hər işi qaydasındadır, hər şey yaxşıdır amma kəskin bir şok yaşayır. Və ya hansısa təhqiredici sözlə qarşılaşır. Bununla bacara bilmədiyi üçün özünə qəsd edir. Burda çox səbəblər ola bilər. 

Hətta elə olub ki, uşaqlar kənddə oyun vaxtı özünü kəndirlə asırlar. Və yaxud intihar etmək fikri olmasa da kinolardan görüb götürür. Valideynlərə deyirəm ki, övladlarında depressiv hallar, özünə qapanıqlıq başlayarsa, müəyyən mütəxəssislərə müraciət etsinlər. 

- Həkimlərin də psixoloqu olmalıdırmı?

- Qətiyyətlə deyirəm ki, Azərbaycan həkimlərinin hər birinin öz şəxsi psixoloqu olmalıdır. Amma, yoxdur. 
Qəbula yazılanların əksəriyyəti həkim davranışlarından şikayət edir. Deyir ki, “həkim qışqırdı, kobud danışdı”. Bu halların hər biri həkimlərin də psixoloji pozğunluğu olmasına işarədir. Çox təəssüf ki, həkimlərimiz bunu qəbul etmir. 

- Qadınların xəyanət etməsinə nə səbəb olur?

- “Qadınlar nəyə görə xəyanət edir?” sualına konkret cavab yoxdur. Amma səbəbləri çoxdur. Ən başlıca və mənim dəfələrlə qarşılaşdığım hal qadınların qisas üçün xəyanət etməsidir. Məsələn, qadınlar ailədə xəyanətə uğrayırlar. Düşünürlər ki, ona layiq olmadığı halda haqsızlıq edildiyi üçün o da qarşılığında xəyanət etməlidir. 

Bundan başqa, seksual çatışmazlıq da xəyanətə gətirib çıxarır. Və ya ailə daxili problemi həll edə bilməyəndə, bir-birinə qarşı nalayiq ifadələr işlədəndə çox vaxt xəyanət edirlər. Bir sözlə, ehtiyaclarını qarşılamaq üçün “çölə” yönəlirlər. 

- Bəs, kişilərdə?

- Kişilərdəki xəyanət qadınlardan seçilir. Sizin bu sualınıza hər hansı Avropa ölkəsində oturub cavab versə idim, fərqli danışardım. Amma Azərbaycan kişilərini nəzərə alanda, ölkəmizdə xəyanətin təbiəti fərqlənir. Az öncə qətllərlə bağlı dediyimiz stereotiplərin başqa forması özünü burda göstərir. İlk növbədə bizim cəmiyyətdə kişilərlə bağlı fərqli “deyimlər” var: “Kişi gəzər”. 

Bu düşüncə ilə böyüdülmüş kişilər əvvəl-axır xanımlarına xəyanət edəcəklər. Bu xəyanət az öncə qadınlarda sadaladığım səbəblərə görə deyil. Təbii ki, onların da rolu var. Amma bizdə ən çox o məşhur “deyimlər” kişilərimizi xəyanətə yönəldir. 

- Son vaxtlar sizə müraciət edən cütlüklərin ən önəmli problemləri nədir?

- Birinci seksual problemlərdir. Daha sonra anlaşmazlıq, qarşılıqlı təhqirlər, maddi problemlər və s. 
Müraciət edənlərdən danışıqlar aparıram. Hətta elə olur ki, barışıb geri qayıdırlar. 

- Sizi tik-tokdan tanıdıq. Orada olmağınızı zəruri edən nədir?

- Tik-tok dünyanın ən aktiv sosial şəbəkəsi olduğu üçün videolarımı orda paylaşmağı qərara aldım. İstəyirəm ki, videolarım daha çox oxuyucu kütləsinə çatsın. Bundan başqa, indiki cəmiyyətimizdə Tik-tokda video paylaşan gənclərimizə qarşı mənfi rəylər deyilir. Bunun qarşısını almaq üçün gənclərimizin arasına yumorik şəkildə keçid elədim. 

Cəmiyyətə göstərmək istədim ki, istənilən sosial şəbəkə sadəcə bir meydandır. Siz oradan yemək bişirməyi, elmi məsələləri, mənim kimi həkim məsləhətlərini öyrənə bilərsiniz. Bu səbəbdən qərara gəldim ki, bir səhifə açım. 

- Sosial şəbəkədə sizə bir psixoloq yox, qarşı tərəf kimi müraciət edənlər olurmu?

- Professional psixoloq olaraq müraciət edənlərin danışdıqları məxfidir. Bir dəfə xanım müraciət etdi. Və mənə təklif etdi ki, konsultasiya məbləğinin 10 qatını ödəyirəm, amma mənimlə dənizdə gəzin (gülür). Onu deyim ki, mən hər müraciət edəndən müəyyən şeylər öyrənirəm. 
 

# 11124
avatar

Fidan İlqar

Oxşar yazılar